Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) vətəndaşlardan daxil olan şikayətlərin əksəriyyəti yerli icra hakimiyyəti orqanları əməkdaşlarının davranışları ilə bağlıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib.
Əsgərovun sözlərinə görə, bu müddətdə Komissiyaya vətəndaşlardan 26 şikayət daxil olub, onlardan 10-u təmin edilib, 7-si əsassız hesab olunub, 9-u isə araşdırılır.
Onun sözlərinə görə, müraciətlər arasında vətəndaşlara qeyri-etik münasibət, süründürməçilik, vətəndaşların qəbul edilməməsi hallarından şikayətlər var.
Əsgərov bildirib ki, şikayətlər təsdiq edildikdə həmin dövlət qulluqçusu barəsində intizam tənbehi tədbiri tətbiq olunur.