...

Azərbaycanın 9 şəhər və rayonunda buraxılış imtahanları keçirilir

Cəmiyyət Materials 13 İyun 2011 10:40 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi bu gün respublikanın 9 şəhər və rayonunda ümumi orta və tam orta təhsil səviyyələri üzrə növbəti buraxılış imtahanlarını keçirir.
Azərbaycanın 9 şəhər və rayonunda buraxılış imtahanları keçirilir

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bu gün respublikanın 9 şəhər və rayonunda ümumi orta və tam orta təhsil səviyyələri üzrə növbəti buraxılış imtahanlarını keçirir.

Nazirliyin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, imtahanlar Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda keçirilir.

11-ci sinif şagirdləri üçün buraxılış imtahanları saat 10:00-da başlayıb və üç saat davam edəcək.

9-cu sinif şagirdləri üçün isə imtahanlar saat 15:00-da başlayacaq və 1,5 saat davam edəcək.

Bütün buraxılış imtahanlarının nəticələri iyunun 20-dən sonra nazirliyin www.exam.edu.gov.az saytında yerləşdiriləcək.

TN buraxılış imtahanlarının keçirilməsinə iyunun 2-dən başlayıb. Artıq 4 (iyunun 2, 4, 7 və 10-da ) buraxılış imtahanları keçirilib.

Növbəti imtahanlar iyunun 16-da Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə olacaq.
Son buraxılış imtahanı iyunun 17-də Bakıda keçiriləcək.

Şagirdlərin attestata yazılacaq yekun qiyməti şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında müəyyənləşəcək.

2010-2011-ci tədris ilində Azərbaycanın ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101521 şagird bitirəcək.

Xəbər lenti

Xəbər lenti