...

Məleykə Abbaszadə: İyunun 26-da imtahan verəcək namizədlər həmin gün hərbi paradın keçiriləcəyini nəzərə almalıdırlar

Cəmiyyət Materials 24 İyun 2011 13:14 (UTC +04:00)
İyunun 26-da imtahan verəcək abituriyent və bakalavrlar həmin gün Azərbaycan paytaxtında hərbi paradın keçirilməsini nəzərə almalı və bununla əlaqədar imtahan verəcəkləri binanın yerini əvvəlcədən müəyyənləşdirməlidirlər.
Məleykə Abbaszadə: İyunun 26-da imtahan verəcək namizədlər həmin gün hərbi paradın keçiriləcəyini nəzərə almalıdırlar

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyunun 26-da imtahan verəcək abituriyent və bakalavrlar həmin gün Azərbaycan paytaxtında hərbi paradın keçirilməsini nəzərə almalı və bununla əlaqədar imtahan verəcəkləri binanın yerini əvvəlcədən müəyyənləşdirməlidirlər. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, iyunun 26-da rus bölməsinin məzunları Azərbaycan dili fənnindən, bakalavrlar üzrə magistraturaya qəbul imtahanlarının II mərhələsi üzrə imtahan verəcəklər.

Abbaszadə qeyd edib ki, imtahanların keçiriləcəyi binalar gediş-gəlişin məhdudlaşdırıldığı ərazilərdə olmayacaq. Bununla belə, abituriyent və bakalavrlar "Buraxılış vərəqəsi"ni indidən alaraq imtahan keçiriləcəyi binanın harada yerləşdiyini bilməlidirlər.

TQDK sədrinin sözlərinə görə, bu gün 10:00-dək magistraturaya sənəd verən 7863 bakalavr ərizəsini təsdiqlədib. Onlardan 7000-i "İmtahana buraxılış vərəqələri"ni çap edərək götürüb, 863 bakalavr isə hələ bu sənədi almayıb. Azərbaycan dili fənnindən imtahan verəcək 2540 abituriyentin 1700-ü "İmtahana buraxılış vərəqələri"ni çap edib.

"Bütün "İmtahana buraxılış vərəqələri"ni namizədlər özləri çap edib götürməlidirlər. İyunun 26-da hərbi parad olacaq. Artıq bəzi yollarda gediş-gəlişə müəyyən məhdudiyyətlər qoyulub. İmtahan təşkil ediləcək binalar elə seçilib ki, orada sıxlıq olmayacaq. Amma bütün namizədlər "İmtahana buraxılış vərəqələri"ni indidən götürməli və binaya vaxtında çatmalıdırlar", - Abbaszadə əlavə edib.

TQDK sədri yalnız iyunun 26-da keçiriləcək imtahanda iştirak edəcək namizədlərə deyil, bütün abituriyentlərə müraciət edərək bildirib ki, onlar indidən tələb olunan bütün sənədlərinin hazırlasınlar. Əks halda, onlar üçün imtahanda iştirakla bağlı problemlər yarana bilər.

"Abituriyentlər şəxsiyyət vəsiqələrini yaddan çıxarmamalıdırlar. Onlar sənədlərini indidən hazırlasınlar, itirməsinlər. Bəzi abituriyentlər ailə vəziyyətlərinin, familiyalarının dəyişilməsi və digər səbəblərə görə şəxsiyyət vəsiqələrini dəyişə bilərlər. Bu halda onlar özləri üçün problem yarada bilərlər. Daha yaxşı olar ki, namizədlər şəxsiyyət vəsiqələrini imtahanlardan sonra dəyişsinlər. Ya da sənədlərdə dəyişiklərin edilməsi ilə əlaqədar bizə indidən müraciət etsinlər ki, biz də bu barədə məlumatlı olaq. Əks halda, namizədlər özləri bundan zərər görəcəklər", - Abbaszadə deyib.

Xəbər lenti

Xəbər lenti