...

Azərbaycan və İran Araz çayının su və enerjisindən istifadə qaydaları haqqında protokol imzalayıblar

Cəmiyyət Materials 25 İyun 2011 10:57 (UTC +04:00)
Azərbaycan və İran arasında Araz çayının su və enerjisindən istifadə qaydaları haqqında protokol imzalanıb.
Azərbaycan və İran Araz çayının su və enerjisindən istifadə qaydaları haqqında protokol imzalayıblar

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir T.Cəfərov/

Azərbaycan və İran arasında Araz çayının su və enerjisindən istifadə qaydaları haqqında protokol imzalanıb. Bu protokol Azərbaycan və İran arasında Araz və Mil-Muğan su anbarlarının enerjisindən qarşılıqlı istifadə üzrə birgə əməkdaşlıq komitəsinin Bakıda keçirilən 40-cı illik iclasında imzalanıb. Bu barədə Bakıda səfərdə olan İranın Energetika Nazirliyinin Sərhədyanı zonalarda yerləşən çaylar və su hövzələri idarəsinin baş direktoru Cabbar Vətənfəda Trend-ə müsahibəsində bildirib.

"Ötən dörd gün ərzində müzakirələr çox səmimi ab-havada keçirildi. Hər iki ölkə 40 illik əməkdaşlıq təcrübəsinə əsaslanaraq müzakirələr apardı. Müzakirələrin sonunda Araz çayının su və enerjisindən istifadə qaydaları haqqında protokol imzalandı. Həmin protokola əsasən, iki ölkə il ərzində Araz çayının üzərində olan Mil-Muğan və Araz su anbarlarının enerjisi və suyundan birgə istifadə edəcəklər", - Vətənfəda deyib.

Azərbaycan və İran arasında Araz və Mil-Muğan su anbarlarının enerjisindən birgə istifadənin 40-cı ildönümüdür. Birgə iclas hər il bir ölkədə - İran və ya Azərbaycanda keçirilir. Ötən il iclas İranda keçirildiyindən, bu il Azərbaycanda baş tutub. İclasda İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərindən nümayəndələr, o cümlədən Araz və Mil-Muğan su anbarlarının direktorları iştirak ediblər.

Vətənfəda bildirib ki, Araz çayının su və enerjisindən istifadə iki ölkə arasında yarıbayarı bölünür.

"İclasda Araz su anbarında suyun saxlanma miqdarı, hər iki ölkənin kənd təsərrüfatında istifadə etmək üçün suyun miqdarı tənzimlənib", - İran rəsmisi bildirib.

Onun sözlərinə görə, razılaşmaya əsasən, əgər quraqlıq baş verərsə, hər iki ölkənin xeyrinə su anbarlarında yığılmış sulardan quraqlığa qarşı mübarizədə istifadə olunmalıdır. Həmçinin, əgər sel təhlükəsi yaranarsa, onda həmin anbarların suyu elə tənzimlənəcək ki, hər iki ölkəyə minimum ziyan dəysin.

Xəbər lenti

Xəbər lenti