Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda abituriyentlərin ali məktəblərə qəbulu qaydalarına dəyişikliklər edilə bilər. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
"Orta məktəbləri qızıl medalla bitirən məzunlar builki imtahanlarda öz biliklərini təsdiqləsələr, eyni zamanda, Təhsil Nazirliyinin orta məktəblərdə və buraxılış imtahanlarında aparılan qiymətləndirmə mexanizmi və məzunlara qızıl medalların verilməsi mexanizmi özünü ümumi şəkildə təsdiqləsə, onda təbii ki, biz qəbul qaydalarını dəyişəcəyik. Bu dəyişiklik yalnız medal alanlarla bağlı olmayacaq. Ümumiyyətlə, ali məktəblərə qəbul zamanı bütün abituriyentlər üçün orta məktəblərdə əldə edilən nailiyyətlər nəzərə alınacaq", - Abbaszadə deyib.
TQDK sədri deyib ki, qəbul qaydalarını dəyişmək mümkündür və hazırda komissiya bu istiqamətdə iş aparır.
Bu il qızıl medal alan məzunlara qəbul imtahanlarında hər hansı güzəştin göstərilməsinin mümkünlüyünə gəldikdə, Abbaszadə bildirib ki, qəbul imtahanları bilik yarışıdır və bütün abituriyentlər burada öz biliklərini nümayiş etdirməlidirlər.