Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Qazax və Ağstafa rayonlarının Gürcüstanla sərhədə kimi olan ərazisi minalardan təmizlənəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə cümə günü Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov bildirib.
Onun sözlərinə görə, ANAMA tərəfindən icra olunacaq növbəti layihə qeyd olunan rayonların Ceyrançöl ərazisində 6 min hektarlıq sahədir.
"Sovet İttifaqı vaxtı bu ərazi poliqon kimi istifadə olunduğundan həmin ərazidə çoxsaylı təlim mina sahələri olub, partlamamış qrad raketləri var. Ərazi hazırda təhlükə altındadır", - ANAMA direktoru deyib.
İsmayılov qeyd edib ki, layihə Azərbaycan və NATO ilə birgə əməkdaşlıq çərçivəsində aparılacaq, donor ölkə qismində ABŞ çıxış edəcək, lakin Azərbaycan hökuməti layihənin 36%-ni maliyyələşdirəcək.
"Ümumi 6 min hektarlıq ərazidə layihənin həyata keçirilməsi üçün 9 mln. avro tələb olunur. Layihə üç hissəyə bölünüb, birinci hissəsi üzrə müvafiq müqavilələrin bu ilin noyabr ayınadək imzalanması gözlənilir ki, gələn ilin yanvarından praktiki işlərə başlanılsın. Layihənin ilk mərhələsi 28 ay uzanacaq, maliyyə tutumu 2,4 mln. manat təşkil edəcək", - ANAMA direktoru bildirib.