...

III qrup üzrə ixtisas seçiminə buraxılan hər bir abituriyent məktəbə qəbul oluna bilər - TQDK sədri

Cəmiyyət Materials 8 İyul 2011 13:39 (UTC +04:00)
Bu il ali və orta ixtisas məktəblərinin III ixtisas qrupu üzrə imtahan verərək ixtisas seçiminə buraxılan hər bir abituriyent seçimini düzgün edərsə, məktəbə qəbul oluna bilər.
III qrup üzrə ixtisas seçiminə buraxılan hər bir abituriyent məktəbə qəbul oluna bilər - TQDK sədri

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu il ali və orta ixtisas məktəblərinin III ixtisas qrupu üzrə imtahan verərək ixtisas seçiminə buraxılan hər bir abituriyent seçimini düzgün edərsə, məktəbə qəbul oluna bilər. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu il ali məktəblərin III ixtisas qrupu üzrə plan yerlərinin sayı 8814-dir. III qrup üzrə imtahan verərək 250 baldan çox nəticə göstərən 8981 abituriyent ixtisas seçiminə buraxılıb.

"Onda belə çıxır ki, müsabiqəyə buraxılan hər bir şəxs qəbul oluna bilər. Müsabiqə demək olar ki, yoxdur, bir yerə bir nəfər düşür. Amma məsələ ondadır ki, cəmi 2099 dövlət sifarişli ixtisaslar üzrə plan yeri var. Bu yerlər üzrə müsabiqədə yalnız 350 baldan yuxarı nəticə göstərən abituriyentlər iştirak edə bilər. Belə uşaqların sayı 4525 nəfərdir. Demək, 2099 yerə 4525 nəfər iddiaçıdır. Dövlət sifarişli ixtisaslar üzrə müsabiqədə bir yer üçün ən azı 2 abituriyent mübarizə apara bilər. Amma dövlət sifarişli ixtisaslar müxtəlifdir. Bəzi ixtisaslar üzrə heç kim maraqlanmaya, amma hansısa ixtisaslar üzrə 1 yerə 10 nəfər sənəd verə bilər. Buna görə də abituriyentlər ixtisas seçərkən yalnız öz istəklərini deyil, ballarını da nəzərə almalıdırlar", - Abbaszadə bildirib.

TQDK sədrinin sözlərinə görə, III qrupda 3 nəfər 690-700 bal intervalında nəticə göstərib. Həmin şəxslər istədikləri ixtisasları seçə bilərlər, çünki onlar ali məktəblərə qəbul olunacaqlar.

Abbaszadənin bildirdiyinə görə, bu il ali və orta ixtisas məktəblərinin III ixtisas qrupuna keçirilən qəbul imtahanlarında 30 947 nəfər abituriyent iştirak edib. Onlardan 16 336-sı bu ilin, qalan 14 551-i isə əvvəlki illərin məzunlarıdır.

TQDK sədri onu da əlavə edib ki, bu il III qrup üzrə imtahan vermiş abituriyentlərin bilik səviyyəsi ötən ildəkindən fərqlənmir. Abituriyentlərin bilik səviyyəsi ötən ildəkindən yaxşı olmasa da, pisliyə doğru da dəyişməyib.

"Nəzərə alsaq ki, imtahana buraxılan məzunların hamısı attestat alıb və bu o deməkdir ki, onlar imtahanda heç olmasa 100 bal toplamalıdırlar. Əvvəlki illərin məzunları elə də yüksək nəticə göstərmirlər. Onlar arasında əsasən 300 baldan aşağı nəticə göstərənlərin sayı çoxdur. Bu, təbiidir. Əvvəlki illərin məzunlarından 72 yaşlı bir abituriyent də imtahan verib. Onun imtahan nəticəsi 100 baldan yüksəkdir. Amma builki məzunlar arasında, görün, nə qədər 100-dən aşağı nəticə göstərənlər var. Biz mütləq qəbul zamanı attestat qiymətlərini nəzərə almalıyıq. Amma bu o zaman ola bilər ki, attestat qiymətləri həm TQDK-nın, həm də ictimaiyyətin etibarını doğrultsun", - Abbaszadə bildirib.

Xəbər lenti

Xəbər lenti