...

Leyla Əliyeva: Təbiəti nəinki Azərbaycanda, o cümlədən bütün dünyada qorumaq hamımızın borcudur (FOTO)

Cəmiyyət Materials 13 İyul 2011 10:31 (UTC +04:00)
İyulun 12-də Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən Müasir İncəsənət Muzeyində "Azərbaycan əcnəbilərin gözü ilə" adlı fotosərgi açılıb, Azərtac Dövlət Agentliyi xəbər verir.
Leyla Əliyeva: Təbiəti nəinki Azərbaycanda, o cümlədən bütün dünyada qorumaq hamımızın borcudur (FOTO)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

İyulun 12-də Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən Müasir İncəsənət Muzeyində "Azərbaycan əcnəbilərin gözü ilə" adlı fotosərgi açılıb.

Sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişlər.

Sərgidə Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların və iş adamlarının çəkdiyi 90-dan çox rəngli və ağ-qara fotoşəkillər nümayiş etdirilir. Belə bir sərginin keçirilməsi təşəbbüsü ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı bütün diplomatik qurumlara və xarici iş adamlarına müraciəti əsasında müsabiqəyə 30-dək ölkənin vətəndaşları tərəfindən çəkilən 600-dən çox fotoşəkil təqdim edilmişdir. Bu fotolar təbiət mənzərələri, sadə insanların həyatını əks etdirən səhnələr və portretlərdən ibarət olmaqla ölkəmizin əsrarəngiz gözəlliyini əcnəbi qonaqların gözü ilə ifadə edir. Münsiflər heyəti tərəfindən ən yüksək bal toplayan 96 fotoşəkil hazırda Müasir İncəsənət Muzeyində nümayiş olunur.

Tədbiri açan BMT-nin ölkəmizdə rezident-əlaqələndiricisi Fikrət Akçura sərginin təşkilinə dəstək verdiyinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. O, 20 il əvvəl öz müstəqilliyini yenidən bərpa edən Azərbaycanın beynəlxalq ictimaiyyətin dəyərli üzvü kimi BMT-yə qoşulduğunu xatırladaraq vurğuladı ki, müstəqilliyin ilk illərindəki ağır çətinlikləri uğurla dəf edən ölkəmiz bu gün dünyada güclü iqtisadiyyata malik və inkişaf edən dövlət kimi tanınır. Hərbi təcavüzə uğramasına, çoxlu qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan yüksək iqtisadi artıma nail olmuş, öz vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdırmışdır.

F.Akçura diqqətə çatdırdı ki, zəngin karbohidrogen ixracından əldə olunan gəlirlər insan inkişafı reytinqində sürətlə yüksələn Azərbaycanda sosial-iqtisadi və mədəni sahələrdə böyük proqramların həyata keçirilməsinə sərf olunur. 2010-cu ildə Azərbaycan orta insan inkişafı səviyyəsindən yuxarı qalxmışdır. BMT-nin İnkişaf Proqramının izlədiyi insan inkişafı göstəricilərinə görə son beş ildə Azərbaycan 169 ölkə arasında ən böyük irəliləyişə nail olmuşdur. Keçmiş sovet ölkələri arasında isə Azərbaycan son 10 ildə ən yüksək insan inkişafı tempini nümayiş etdirmişdir.

Azərbaycanı təbliğ etmək üçün tədbirin gözəl fürsətə çevrildiyini deyən F.Akçura sərginin ölkəmizi beynəlxalq ictimaiyyətə daha yaxşı tanıdacağına və respublikamızın davamlı uğurları üçün göstərilən birgə səylərin məzmunlu rəmzinə çevriləcəyinə əminliyini bildirdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasim iştirakçılarını salamlayıb.

"Xanımlar və cənablar!
Əvvəlcə şəhərimizdə olmuş diplomatlar tərəfindən çəkilmiş müxtəlif fotoşəkillərdə Bakımızın əksini tapmış gözəlliyini seyr etmək və qiymətləndirmək məqsədilə təşrif buyurmuş şəxsləri yeni Müasir İncəsənət Muzeyində salamlamaq istəyirəm. Bu sərgi ölkəmizə səfər edən tanınmış diplomatların Azərbaycanı necə gördüyünü və anladığını aydın şəkildə nümayiş etdirir. Azərbaycan nəinki Qafqazın gözəl və böyük ölkəsidir, o, həmçinin gözəl təbiəti, xeyirxah insanları ilə seçilir. Burada Şərq adət-ənənələri, zəngin mədəni irs və ecazkar musiqi ilə yanaşı, Şərq və Qərbin dəyərləri qovuşur", o deyib.

O bildirib ki, bugünkü sərgidə siz tarixi abidələri, dini ziyarətgahları, uzaq kəndləri, ölkəmizin təbii gözəlliyini, o cümlədən şəhərdə olan göydələnləri və olduqca maraqlı binaları seyr edəcəksiniz.

"Hesab edirəm ki, bu sərgi ölkəmizin gözəlliyini, minnətdar olduğumuz bütün cəhətlərini etiraf etmək və dəyərləndirmək fürsətini yaradır. Bu sərgidə siz Azərbaycan təbiətinə həsr olunan bir çox fotoşəkilləri də görəcəksiniz. Ola bilsin ki, sizin məlumatınız var, dünyadakı 11 iqlim qurşağından 9-nun ölkəmizdə olmasından Azərbaycan fərəhlənə bilər. Təbiəti nəinki Azərbaycanda, o cümlədən bütün dünyada qorumaq hamımızın borcudur. Fürsətdən istifadə edərək gənclərin qlobal ətraf mühit kampaniyasının başlandığını elan etmək istəyirəm. Bu, İDEA [International Dialog on Enviromental Action], yəni "Ətraf Mühit Sahəsində Tədbirlər Haqqında Beynəlxalq Dialoq" adlanır. Bu kampaniya ətraf mühitin qorunmasını vacib hesab edən dünyanın bir çox ölkələrindən minlərlə gənci səfərbər edəcəkdir. Eyni zamanda, 2011-2012-ci illərdə Heydər Əliyev Fondu BMT-nin Azərbaycan nümayəndəliyi ilə ətraf mühitə dair müxtəlif layihələr üzərində sıx işləyəcəkdir. Ölkə miqyaslı həmin layihələrdən biri "Ətrafıma yeni baxış" adlanan fotosərgidir", Əliyeva deyib.

Onun sözlərinə görə, müstəqilliyimizin 20 ili ərzində Azərbaycan müxtəlif sahələrdə böyük nailiyyətlər və nəticələr əldə edib.

"Gördüyünüz kimi, qarşımızda bir çox layihələr, planlar və ideyalar vardır. Mən sərginin təşkilatçılarına və bütün iştirakçılara, o cümlədən qonaqlara bir daha təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, qonaqlardan bəziləri ölkəmizə ilk dəfədir ki, səfər edir. Ümidvaram ki, bu axşam sizin üçün maraqlı olacaqdır və Azərbaycana səfərinizdən razı qalacaqsınız. Çox sağ olun və hamınıza uğurlar arzulayıram", Əliyeva qeyd edib.

Polşanın ölkəmizdəki səfiri Mixal Labenda sərginin keçirilməsi ilə bağlı uğurlu təşəbbüslə çıxış edən Heydər Əliyev Fondunun rəhbərliyinə və BMT-nin İnkişaf Proqramına minnətdarlığını bildirdi. Səfir vurğuladı ki, sərgiyə öz işlərini təqdim edən müəlliflərdən ikisi Polşa səfirliyində çalışır. Bu, onların Azərbaycanın gözəlliyinə heyran olduqlarını və bu ölkədə özlərini evlərindəki kimi hiss etdiklərini təsdiqləyir.

Sərginin bütün qonaqlarda böyük təəssürat yaradacağını diqqətə çatdıran M.Labenda ölkəmizin müxtəlif bölgələrinə səyahət edərək daha çox fotoşəkil çəkməyi və gələn il bu müsabiqədə iştirak etməyi planlaşdırdığını vurğuladı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT-nin rezident-əlaqələndiricisi Fikrət Akçura sərginin açılışını bildirən lenti kəsdikdən sonra ekspozisiya ilə tanış oldular.

"Azərbaycan əcnəbilərin gözü ilə" sərgisi ölkəmizin rəngarəng və qədim mədəniyyətini, zəngin memarlıq ənənələrini və son illərin sosial-iqtisadi inkişafını tərənnüm edir. Sərginin maraqlı cəhəti ondan ibarətdir ki, burada yalnız xarici vətəndaşların öz fərdi kolleksiyalarında olan həvəskar fotoşəkillər nümayişə çıxarılmışdır.

"Azərbaycan əcnəbilərin gözü ilə" fotosərgisi Azərbaycanı tanımaq və təbliğ etmək baxımından mühüm mədəni hadisədir. Bu sərgi bəşər mədəniyyətinin yaranmasında və tərəqqisində öz yeri və öz payı olan Azərbaycanın sonsuz gözəlliklərindən, bu ecazkar diyarın təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən xəbər verir. Bu sərginin bir amalı da Azərbaycanın mədəni sərvətlərə göstərdiyi diqqət və qayğının yetərincə qabardılmasıdır. Bu fotolardan aydın görünür ki, Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr vermişdir. Bu proses indi də davam edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul olunur.

Sərgiyə qatılan dövlət və hökumət rəsmiləri, xarici ölkələrin və beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, eləcə də respublikamızın ictimaiyyətinin nümayəndələri nümayiş olunan fotoşəkilləri böyük maraqla izləmişlər.
Sərgi iyulun 22-dək davam edəcəkdir.

Xəbər lenti

Xəbər lenti