...

Bakı yol polisi avtoxuliqanlara qarşı reydlər keçirir (VİDEO)

Cəmiyyət Materials 13 İyul 2011 11:13 (UTC +04:00)
Bakı şəhər yol polisi son 5 gündə 38 avtoxuliqanı saxlayaraq barəsində müvafiq inzibati tərdbir görülməsi üçün sənədlərini məhkəmələrə göndərib.
Bakı yol polisi avtoxuliqanlara qarşı reydlər keçirir (VİDEO)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər yol polisi son 5 gündə 38 avtoxuliqanı saxlayaraq barəsində müvafiq inzibati tərdbir görülməsi üçün sənədlərini məhkəmələrə göndərib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, reydlər zamanı 6 avtoxuliqan qaçmağa müvəffəq olub və onların tutulması üçün tədbirlər görülüb.

Onun sözlərinə görə, son 5 gündə avtoxuliqanlıq edən sürücülər tərəfindən 8 yol qəzası qeydə alınıb.

Əsədov bildirib ki, Yasamal rayonu, 5 mərtəbə dairəsi adlanan ərazidə yaşayan sakinlər İdarəyə müraciət edərək gecə saatlarında bu ərazidə avtoxuliqanlar tərəfindən rahatlıqlarının pozulması ilə əlaqədar şikayət ediblər.

Onların müraciəti əsasında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları, Yasamal rayon Polis İdarəsinin və yol polisi şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə xüsusi qrup yaradılıb.

Əsədov deyib ki, qrup tərəfindən aparılan müşahidələr zamanı gizli foto və video çəkliş əsasında avtoxuliqanlıq edənlər müəyyənləşdirlib, onların saxlanılması üçün reydlər keçirilib.

Bu şəxslərin insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdığını deyən Əsədov avtoxuliqanlarla mübarizədə qanunun imkan verdiyi bütün tədbirlərin görüləcəyini vurğulayıb.

İdarə sözçüsü deyib ki, avtoxuliqanlara azarkeşlik edənlər müəyyən ərazilərdə polis nəzarətinin az olduğu saatlarda "avtoş"lara xəbər verməklə onlara kömək edirlər.

"Bu şəxslər yol polisinin avtoxuliqanlarla mübarizəsində ciddi maneələr yaradırlar. Aparılan reydlər zamanı bu şəxslər də aşkar edilərək barələrində tədbir görülür. Vətəndaşlardan avtoxuliqanlarla mübarizədə yol polisinə kömək etmələrini xahiş edirik", - Əsədov deyib.

İnzibati Xətalar Məcəlləsinin 296-1-ci maddəsinin tələbinə görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir. Yaxud nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla on günədək inzibati həbs tətbiq olunur.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir. Yaxud nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti