...

Azərbaycanın turizm şirkətlərinə ali təhsilli işçilərin cəlb olunması üçün tapşırıqlar verilib

Cəmiyyət Materials 14 İyul 2011 17:32 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə ali təhsilli işçilərin cəlb olunması üçün işlərə başlayıb.
Azərbaycanın turizm şirkətlərinə ali təhsilli işçilərin cəlb olunması üçün tapşırıqlar verilib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə ali təhsilli işçilərin cəlb olunması üçün işlərə başlayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə cümə axşamı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, bununla bağlı artıq müvafiq təşkilatlara lazımi tapşırıqlar verilib. "Nazirlik lisenziya üçün müraciət edən şirkətlə müqavilə imzalayır. O müqavilədə bütün bu şərtlər qeyd olunub. Biz şərtləri reallaşdırmağa başlamışıq, amma qanunvericilikdə bu məsələ öz həllini tapana qədər bu, şərti olaraq həyata keçiriləcək", - nazir deyib.

Qarayev qeyd edib ki, Azərbaycanın ümumi daxili məhsulunda turizmin payının artırılması üçün işlər aparılır. "Qeyri-rəsmi hesabatlara görə, ötən il sırf turizm xidmətlərindən 1,5 mlrd. manatadək vəsait turizm dövriyyəsinə daxil olub. Söhbət yalnız Azərbaycana gələn əcnəbilərin xərclədiyi vəsaitdən gedir", - nazir deyib.

O, həmçinin bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytının fəaliyyəti ilə bağlı bir sıra problemlərin həlli nəzərdə tutulub. Qarayev deyib ki, saytın ingilis dilində olan versiyasını təkmilləşdirmək üçün əlavə kadrların işə cəlb olunmasına ehtiyac var.

Xəbər lenti

Xəbər lenti