...

Azərbaycanda orta məktəblər akkreditasiyadan keçiriləcək

Cəmiyyət Materials 3 Avqust 2011 10:13 (UTC +04:00)
Azərbaycanda orta məktəblər akkreditasiyadan keçiriləcək
Azərbaycanda orta məktəblər akkreditasiyadan keçiriləcək

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yeni tədris ilindən ümumtəhsil məktəbləri də akkreditasiyadan keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Təhsil Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, bu iş ilkin olaraq 11 pilot məktəbdə həyata keçiriləcək. Pilot məktəblər bütün ölkəni əhatə edir.

Artıq orta məktəblərin akkreditasiyadan keçirilmə qaydaları hazırlanıb.

"Orta məktəblərin akkreditasiyadan keçmə qaydaları təxminən ali məktəblərin akkreditasiyadan keçmə qaydalarına yaxındır. Amma təbii ki, orta və ali məktəblər arasında fərqlər var. Bunlar da qaydalarda öz əksini tapıb", - nazirlikdən deyilib.

Məlumatda o da qeyd edilib ki, əldə etdiyi göstəricilərdən asılı olaraq, akkreditasiyadan keçməyən məktəblərə qarşı müvafiq tədbirlər görülə bilər.

Nazirlikdən əlavə edilib ki, bütün təhsil müəssisələri akkreditasiyadan keçməlidir. Bununla əlaqədar Təhsil Nazirliyi bu il ərzində məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyadan keçmə meyarlarını hazırlayır.

Meyarlar hazırlandıqdan sonra - 2012-ci ildən nazirliyin məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyasına başlayacağı da gözlənilir.

Hazırda Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası keçirilir. Bu məktəblərin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir.

Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti