...

Azərbaycanda orta əsrlər dövrünə aid yaşayış məskəni tapılıb (FOTO)

Cəmiyyət Materials 4 Avqust 2011 13:23 (UTC +04:00)
Neftçala rayonu ərazisində orta əsrlərə aid yaşayış məskəni aşkar edilib.
Azərbaycanda orta əsrlər dövrünə aid yaşayış məskəni tapılıb (FOTO)

Yeni fotoşəkillər əlavə olunub (ilk xəbər 3 avqust 17:57-də yayılıb)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İ.İsabalayeva/

Neftçala rayonu ərazisində orta əsrlərə aid yaşayış məskəni aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, arxeoloq, tarix elmləri namizədi Anar Ağalarzadə çərşənbə günü Trend-ə bildirib ki, abidə Ələt-Astara yolunun sol tərəfində, Şirvan Milli Parkının ərazisindədir.

Şərqdən 6-7 km məsafədə Xəzər dənizindən aralı olan yaşayış yeri Dirovdağın cənub-şərq ətəklərindədir. Dağın ətəklərində bişmiş kərpic qalıqlarına təsadüf edilir. Bişmiş kərpicdən hörülmüş 2,5x1,5 m ölçülü tikili qalıqlarından biri salamat qalıb. Tikilinin içərisində xeyli sayda saxsı qablara məxsus fraqmentlər aşkarlanıb.

"Ehtimal ki, bu dulusçuluq emalatxanası qablarının saxlanılması üçün otaq olub. Mütəmadi olaraq palçıq vulkanlarının püskürməsi zamanı abidənin çoxlu sayda saxsı və metal məmulatı ətrafa səpələnib. Toplanmış arxeoloji materiallar şirli və şirsiz saxsı məmulatından, metal mismarlardan və misdən hazırlanan bəzək əşyalarından, şüşə məmulatından - xüsusilə məişət və ətriyyat qablarından, dulusçuluqda naxış vurulması üçün istifadə olunan sümükdən, məsaməli tuf daşlarından hazırlanmış dən və su daşlarından ibarətdir. Ən maraqlı tapıntılar ərazidən aşkarlanmış 4 ədəd üzərində ərəbcə yazı olan mis sikkələr və üzəri ərəb dilinin nəsx xəttilə yazılmış daş kitabənin qalığıdır. Aşkarlanmış sikkə və ərəbdilli kitabənin oxunması və gələcəkdə burada aparılacaq arxeoloji qazıntılar abidənin dəqiq tarixini söyləməyə imkan verəcək", - arxeoloq bildirib.

Tarixçi qeyd edib ki, toplanmış materiallar müqayisəli təhlillər əsasında XIII-XVII əsrlərə aid edilir. Hazırda aşkarlanmış bütün arxeoloji tapıntılar Neftçala rayon Tarix-diyarşünaslıq muzeyində qorunur.

Xəbər lenti

Xəbər lenti