...

2 aprel aksiyasının iştirakçılarının məhkəməsi şahidlərin dindirilməsi ilə davam etdirilib

Cəmiyyət Materials 10 Avqust 2011 18:07 (UTC +04:00)
2 aprel aksiyasında tutulan Elnur İsrəfilov, Arif Alışlı, Zülfüqar Eyvazov və Sahib Kərimovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233 və 186.1-ci maddələri ilə, Babək Həsənov və Elşən Həsənovun Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı çərşənbə günü Səbail rayon məhkəməsində davam etdirilib
2 aprel aksiyasının iştirakçılarının məhkəməsi şahidlərin dindirilməsi ilə davam etdirilib

Azərbaycan, Bakı, 10 avqust /Trend/

2 aprel aksiyasında tutulan Elnur İsrəfilov, Arif Alışlı, Zülfüqar Eyvazov və Sahib Kərimovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233 və 186.1-ci maddələri ilə, Babək Həsənov və Elşən Həsənovun Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı çərşənbə günü Səbail rayon məhkəməsində davam etdirilib.

Trend-in məlumatına görə, şahid Məmmədova Esmira Nurağa qızı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərib ki, 02 aprel 2011-ci il tarixdə rəfiqəsi Nərminlə telefon vasitəsi ilə əlaqə saxlayıb hava yaxşı oduğunu bildirərək şəhərdə gəzintiyə çıxmağı təklif edib. Onlar razılaşıb saat 13:30-da Bakı Metropoliteninin "Sahil" stansiyasının yaxınlığında görüşüblər. Nərmin azyaşlı uşaqları ilə birlikdə gəlib. Onlar ətrafdakı mağazaları gəzəndən sonra uşaqlarını "Torqovıy" deyilən meydandakı "Mc Donalds" kafesinə aparmaq istəyiblər. Bu məqsədlə saat təxminən 14:00 radələrində həmin istiqamətə gediblər. "Xəqani" ticarət mərkəzinin qarşısına çatmağa az qalmış qarşıdan təxminən 100-150 nəfərin "azadlıq", "istefa" kimi şüarlar səsləndirərək "Fəvvarələr" meydanına keçmək istədiklərini, onlarla üzbəüz dayanmış polis əməkdaşlarının isə kütlənin qarşısını kəsdiklərini görüblər.

Onlar kütlənin yanından ötüb McDonalds" restoranına tərəf keçmək istəyəndə qışqıran şəxslərin bir qrupu onları divara sıxmış və onu uşaqları ilə birlikdə itələyib yerə yıxıblar. Onu itələyib yıxan kütləyə müraciət edərək onlara irad tutub. Həmin ərazidə toplanmış polis əməkdaşları kütlənin qarşısını kəsərək keçirdikləri aksiyanın qanunsuz olduğun başa salıb dağılmalarını tələb ediblər. Aksiya iştirakçılarının belə hərəkətlərindən qorxuya düşüb onlar gəzintini yarımçıq saxlamaq və Esmiranın yemək istəyən azyaşlı uşaqlarını ac vəziyyətdə evə aparmaq məcburiyyətinə qalıblar.

Məmmədova şahid qismində ifadə verərkən təqsirləndirilən şəxs Babək Həsənov onu təhqir etdiyinə görə dövlət ittihamçısı təqsirləndirilən şəxsə iradını bildirib, hakim tərəfindən təqsirləndirilən şəxs Həsənov 10 dəqiqə ərzində məhkəmə iclas zalından çıxarılıb.
Şahid Paşayev Əvəz Məhərrəm oğlu ifadəsində göstərib ki, "Çinartrans" şirkətində "Daevoo" markalı Az-10-TC-515 dövlət nömrə nişanlı 288 saylı marşrut avtobusunun sürücüsü işləyir. 02 aprel 2011-ci il tarixdə saat 15 radələrində sərnişinlə dolu avtobusu 28 May küçəsi ilə Bülbül prospekti istiqamətində idarə edərkən küçədə təxminən 200-ə yaxın mitinq iştirakçılarının getdiyini görüb, həmin şəxslərdən təxminən 30 nəfər gənc ayrılıb avtobusun qarşısına çıxdığına görə avtobusu dayandırmaq məcburiyyətində olub. 28 May küçəsində hərəkətin qarşısı alındığı üçün o, saat 19-da avtobusu yerindən tərpədib sonuncu dayanacağa apara bilməyib. Ona görə də həmin gün şirkət tərəfindən üzərinə qoyulmuş planı ödəyə bilməyib.

Şahid Ələsgərov Ayaz Balaoğlan oğlu ifadəsində göstərib ki, 2009-cu ildən "Transqeyt" MMC-nin istismarında olan 14 saylı marşrut üzrə "Daevoo" markalı Az 10-TF-689 dövlət qeydiyyat nişanlı avtobusda sürücü işləyir. 02 aprel 2011-ci il tarixdə saat təxminən 14 radələrində "Sabir" bağının yanındakı dayanacaqdan çıxmış, "Azneft" meydanı, Neftçilər prospekti ilə "Hökümət evi" istiqamətinə hərəkət edərkən "Kukla" teatrı qarşısında təxminən 50-60 nəfərdən ibarət aksiya iştirakçıları yolu bağlamışlar. O, marşrutu dəyişərək alternativ yollarla "Fizuli" meydanına avtobusu sürüb getmiş, tıxacda dayanmağa məcbur olduğu üçün hərəkət cədvəli tamamilə pozulmuş, günün sonunda üzərinə düşən planı kassaya ödəyə bilməmişdir.

Şahid qismində dindirilmiş "3 saylı Avtonəqliyyat Müəssisəsi" MMC-nın istismarında olan 239 saylı marşrut xətti üzrə "Daevoo" markalı Az-10-TF-269 dövlət nömrə nişanlı sərnişin avtobusunun sürücüsü Həsənov Vilayət İslam oğlu ifadəsində 02 aprel 2011-ci il tarixdə saat 14:20 radələrində aksiya iştirakçılarının Dəmiryolu vağzalının yaxınlığındakı işiqforda dayandığı zaman avtobusun qarşısını kəsdiyini, həmin yerdə təxminən saat 19-dək tıxacda dayanmağa məcbur olduğu üçün üzərinə düşən 65 manat plandan cəmiyyətin kassasına 20 manat az mədaxil etdiyini göstərmişdir.

Şahid Məmmədov Şikar Sabir oğlu ifadəsində göstərmişdir ki, "3 saylı Avtonəqliyyat Müəssisəsi" MMC-nin istismarında olan 346 saylı marşrut xətti üzrə "Daevoo" markalı, Az-10-TF-846 dövlət nömrə nişanlı, sərnişin avtobusunda sürücü işləyir. 02 aprel 2011-ci il tarixdə saat 13:30 radələrində aksiya iştirakçıları avtobusda əyləşən sərnişinlərə "düşün bizə qoşulun" deyərək sərnişinləri avtobusdan düşürmüşlər. Marşrut üzrə qrafiki tamamilə pozulduğuna görə həmin gün 95 manat plandan 55 manat az ödəmişdir.

Şahid Əliyev Bəhruz Səlim oğlu ifadəsində göstərmişdir ki, 234 saylı marşrut üzrə "Mitsubishi" markalı Az-10-FU-721 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edir. 02 aprel tarixdə saat 14 radələrində marşrut üzrə hərəkət edən zaman Üzeyir Hacıbəyov küçəsi ilə hərəkət edərkən həmin küçənin Puşkin küçəsi ilə kəsişməsinə çatmamış tıxac yaranmasını görmüşdür. Onun dayandığı yerdə 30-40 nəfərdən ibarət qrup halında olan aksiya iştirakçıları yolun hərəkət hissəsini bağlamışlar.

Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişdiyi yerdə olan işıqforun yanında mobil telefon konturları və lotoreya biletləri satışı ilə məşğul olan Əliyev Kamran Məmmədəli oğlu şahid qismində verdiyi ifadələrində göstərmişlər ki, 02 aprel tarixdə saat 14 radələrində polis əməkdaşları bir yerə toplaşmış şəxslərin qarşısını kəsərək onlara keçirdikləri aksiyanın icazəsiz və qanunsuz olduğunu bildirib onlara dağılışmağı xəbərdarlıq etmişlər. Aksiya iştirakçıları polis əməkdaşlarının bu xəbərdarlıqlarına məhəl qoymayıb "Fəvvarələr" meydanına keçmək istəmişlər.

Şahid qismində dindirilmiş Ağayev Azad Hilal oğlu ifadəsində göstərmişdir ki, 02 aprel tarixdə saat 14 radələrində "Sahil" metrostansiyasının yaxınlığında bir qrup aksiya iştirakçılarının müxtəlif şüarlarla qışqıraraq Xəqani küçəsi ilə "Fəvvarələr" meydanı istiqamətində hərəkət etdiklərini görmüşdür. Aksiya başlanmazdan əvvəl şəhərin mərkəzində mağazalar, iaşə obyektləri, ticarət mərkəzləri və nəqliyyat vasitələri normal işləmiş, aksiya başlandıqdan sonra isə həmin obyektlərin sahibləri fəaliyyətlərini dayandırmağa məcbur olmuş və nəqliyyatın normal fəaliyyəti pozulmuşdur. Aksiya iştirakçılarından biri ticarət obyektinin qarşısında limon satan satıcının limonla dolu vedrəsinə təpik vuraraq küçəyə səpələmiş və satıcını nəlayiq söyüşlərlə təhqir etmişdir. Avtobusun ətrafında olan aksiya iştirakçıları avtobusun qapılarını təpikləmiş, şüşələrinə isə yumruqlarla zərbələr endirmişlər.

Şahid qismində dindirilmiş Səbail rayonu Su idarəsinin növbəçi maşinisti Bağışov Seyfəddin Böyükağa oğlu ifadəsində göstərmişdir ki, 02 aprel tarixdə keçirilən aksiya zamanı Elşən Həsənov qanunsuz hərəkətləri ilə kütləni özünə cəlb etmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamağa çağırışlar etmişdir. İbtidai istintaq zamanı Həsənov Elşən Abduləziz oğlu tanınmaq üçün digər 3 nəfər şəxsin sırasında ona təqdim edilmiş və əlamətlərinə görə onu tanıyaraq ifadəsində göstərdiyi şəxsin məhz Elşən Həsənov olduğunu bildirmiş və aralarında keçirilmiş üzləşdirmə zamanı ifadəsində göstərdiklərini bir daha Elşən Həsənovun üzünə demişdir.

Cinayət işinin məhkəmə baxışı 15 avqust saat 10.30-a təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti