...

Bakı yol polisi ARDNŞ-nin avtomobil parkında reydlər keçirib (FOTO)

Cəmiyyət Materials 17 Avqust 2011 15:21 (UTC +04:00)
Bakıda ekoloji standartlara cavab verməyən avtomobillər yol hərəkətindən kənarlaşdırılır.
Bakı yol polisi ARDNŞ-nin avtomobil parkında reydlər keçirib (FOTO)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir T.Hacıyev/

Bakıda ekoloji standartlara cavab verməyən avtomobillər yol hərəkətindən kənarlaşdırılır.

Avqustun 1-dən başlanan və 31-dək davam edən "Təmiz hava aylığı" çərçivəsində çərşənbə günü növbəti reydlər keçirilib. Trend-in məlumatına görə, növbəti reyd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Suraxanı ərazisində yerləşən avtomobil parklarından birində keçirilib.

Reyd zamanı İtaliya istehsalı olan xüsusi avadanlığın vasitəsi ilə avtomobil parkında olan avtomobillərin işlək vəziyyətdə ixrac etdiyi dəm qazının Avro 2 standartlarına cavab verib-verməməsi yoxlanılıb. Yoxlama nəticəsində standartlara cavab verən avtomobillərə ARDNŞ-nin xüsusi stikerləri yapışdırılıb. Standartlara cavab verməyən avtomobillərin sürücüləri barədə müvafiq qaydada protokol tərtib edilib.

ARDNŞ-nin Ekologiya İdarəsinin rəis müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, tədbirin təşkilatçıları Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirlikləridir, Dövlət Neft Şirkəti də bu tədbirlərdə yaxından iştirak edir.

ARDNŞ-nin Ekologiya İdarəsində avtomobillərdən atmosferə atılan zərərli qazları müəyyən edən ekoloji mərkəz fəaliyyət göstərir. Bu mərkəzin Bakı şəhərində üç ölçmə məntəqəsi fəaliyyət göstərir ki, bunlar da Bibiheybət, Balaxanı və Hövsan ərazilərində tikilib. Bu məntəqələrdə Neft Şirkətinin balansında olan avtomobillər yoxlanılır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, tədbir "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın icrası çərçivəsində keçirilir.

"DİN və ETSN-in birgə imzaladığı əmrə əsasən, avqustun 1-dən etibarən respublika ərazisində "Təmiz hava" aylığı başlayıb. Bu ay ərzində nəqliyyat vasitələrinin mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi xüsusi cihazlarla öyrənilir", - Əsədov əlavə edib.

O qeyd edib ki, İtaliya istehsalı olan avadanlıq ölkəyə ARDNŞ tərəfindən ölkəyə gətirilib.

Xəbər lenti

Xəbər lenti