...

Azərbaycanda diabet məktəbləri yaradılacaq

Cəmiyyət Materials 22 Avqust 2011 15:50 (UTC +04:00)
Beynəlxalq Diabet Federasiyasının tövsiyəsi ilə Azərbaycanda diabet məktəbləri yaradılacaq.
Azərbaycanda diabet məktəbləri yaradılacaq

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

Beynəlxalq Diabet Federasiyasının tövsiyəsi ilə Azərbaycanda diabet məktəbləri yaradılacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Beynəlxalq Diabet Federasiyası bütün ölkələrin diabet cəmiyyətlərinə müraciət edərək, şəkərli diabetin qarşısının alınmasında əhalinin təlimatlandırılmasının və maarifləndirilməsinin prioritet hal kimi qəbul edilməsini təkidlə tövsiyə edir.

Bu məqsədlə Azərbaycan Diabet Cəmiyyəti Dünya Diabet Fonduna "Respublikanın şəhər və rayonlarında diabet məktəblərinin təşkili" layihəsi ilə müraciət edib. Bu layihə 2011-ci ilin yanvarında Fond tərəfindən təsdiqlənib.

Layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır. Layihə əsasında yaradılmış 7 diabet məktəbi Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı"nda nəzərdə tutulan təlim məktəbləri üçün model kimi götürüləcək.

Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvanda lazımi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbinin təşkili, həmin məktəblərin proqramlar, metodiki vəsaitlər və ədəbiyyatlarla təmini nəzərdə tutulur.

Maarifləndirmə məqsədilə 105 həkim üçün 70 təlim, 210 tibb bacısı üçün 140 təlim, 1155 diabetli xəstə üçün 770 təlim, 1050 risk qrupuna aid olan insanlar üçün 700 təlim keçiriləcək.

Şəkərli diabet xroniki xəstəlik olmaqla yanaşı, böyük xərclər tələb edən, ağır fəsadlarla müşayiət olunan xəstəlikdir. Azərbaycanda 2010-cu ilin rəsmi statistikasına əsasən, qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 137 400 nəfərdir və bu rəqəm artır.

Xəbər lenti

Xəbər lenti