Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Azərbaycanın Gəncə şəhərində 15-20 oktyabr tarixlərində keçiriləcək Nizami günləri çərçivəsində "Dünya Gənclər Festivalı - Azərbaycanı tanı" adlı beynəlxalq festival təşkil olunacaq. Trend-in məlumatına görə, bu barədə festivalın təşkilatçısı "İRƏLİ" İctimai Birliyindən bildirilib.
Dünya Gənclər Festivalına dünyanın 50-dən çox ölkəsindən 100 gənc qatılacaq. Təşkilatçıların verdiyi məlumata görə, festivalın rəsmi e-mail ünvanına artıq mindən çox ərizə daxil olub.
Layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyətini, adət-ənənələrini, zəngin tarixini təbliğ etmək və dünyaya sülh və birlik mesajı verməkdən ibarətdir.
Dünya Gənclər Festivalında münaqişələrin həlli və sülh quruculuğunda gənclərin rolu, gənclər siyasəti, həmçinin gənclərin incəsənət, idman və mədəniyyət sahəsindəki təklifləri ətrafında müzakirələr aparılacaq.
Dünya Gənclər Festivalı bu ildən etibarən hər 2 ildən bir Azərbaycanın müxtəlif bölgəsində keçiriləcək.