Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
2009-cu ilin hesablamalarına görə, dünyada təxminən 793 milyon savadsız insanın üçdə ikisi qadın və qızlardır. Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibi Pan Gi Mun 8 sentyabr Beynəlxalq Savadlılıq Günü ilə bağlı müraciətində deyib.
Baş katib müraciətdə bildirib ki, 2009-cu ildə 67 milyon məktəb yaşına çatmış uşaq və 72 milyon yeniyetmə təhsil hüququndan məhrum olublar.
Əldə olunan inkişafa baxmayaraq, savadsızlıq milyonlarla insana, xüsusilə qadın və qızlara hələ də təsir göstərir.
Baş katib bildirib ki, bu il Beynəlxalq Savadlılıq Gününün "Savadlılıq və Sülh" mövzusu altında keçirilməsi zorakılığın qarşısının alınması, gərginliyin aradan qaldırılması və münaqişələri bitirmək kimi vacib məsələlərin həllinə diqqət yetirilməsi ilə bağlı vacib xatırlatmadır.
"Savadsızlıq yoxsulluq dairələrini genişləndirir, səhiyyə problemləri və məhrumiyyətləri kəskinləşdirir. O, icmaları zəiflədir, kənarlaşdırma və təcrid etmə yolu ilə demokratik prosesləri sarsıdır. Bu və digər təsirlər birləşib cəmiyyətdə qeyri-stabillik yarada bilər", - müraciətdə deyilir.