Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda təhsil sistemində şagirdlərin biliyinin qiymətləndirilməsinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması tədricən həyata keçirilməlidir. Bunu Trend-ə Təhsil Nazirliyinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva deyib.
Onun sözlərinə görə, sovet təhsil sisteminin tətbiq olunduğu Azərbaycanın qiymətləndirmə sistemində birdən-birə sırf beynəlxalq təcrübəni tətbiq etmək mümkün deyil.
"Biz buraxılış imtahanlarına yeni başladıqda qiymətləndirmə ilə bağlı sırf dünya təcrübəsini tətbiq edə bilməzdik. Çünki dünyanın tələbləri, beynəlxalq standartlar fərqli idi. Biz o standartlara yeni-yeni yiyələnirdik. Qiymətləndirmənin tələblərində, formasında beynəlxalq təcrübəyə keçidi tədricən tətbiq etməliyik. Birdən-birə onu kəskin formada tətbiq etmək olmaz. Sovet təhsil sistemindən ayrılmış ölkənin qiymətləndirmə sistemində birdən-birə sırf beynəlxalq təcrübəni tətbiq etmək mümkün deyil", - nazirlik rəsmisi qeyd edib.
Təhsildə qiymətləndirmənin yeni sahə olduğunu deyən şöbə müdirinin sözlərinə görə, bu sahənin təkmilləşdirilməsi nəzərdə tutulur.
Nazirlik qiymətləndirmə mütəxəssislərinin sayını artırmağı, onların öyrədilməsi, treninqlərin keçirilməsi işini təkmilləşdirməyi, qiymətləndirmənin həm məzmun, həm də forma cəhətdən beynəlxalq təcrübəyə daha çox uyğunlaşdırılmasını planlaşdırır.