Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Bu gün Azərbaycanda orta məktəblərin 9-cu sinif şagirdləri üçün sonuncu payız buraxılış imtahanları keçiriləcək. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən şənbə günü Trend-ə verilən məlumata görə, sonuncu imtahan Bakı şəhəri üzrə keçirilir. Payız imtahanlarında 2010/2011-ci dərs ilində ümumi orta təhsil səviyyəsi üzrə iyunda keçirilən buraxılış imtahanında müvəffəq qiymət ala bilməyən və buraxılış imtahanlarına buraxılmayan şagirdlər iştirak edirlər.
İmtahanlar 7 bölgədə keçirilib. İmtahanların keçirilməsinə sentyabrın 2-dən başlanıb.
İmtahanın nəticələri yaxın günlərdə rayon və şəhər təhsil şöbələrinə göndəriləcək. Şöbələr isə həmin nəticələri məktəblərə təqdim edəcəklər.
Ümumilikdə payız imtahanlarında hələ 9-cu sinfi bitirməmiş təxminən 26 min şagirdin iştirakı nəzərdə tutulur. Payız imtahanında qeyri-müvəffəq qiymət alan şagirdlər sinifdə qalaraq yenidən 9-cu sinifdə oxuyacaqlar.
Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunacaq.