...

MTN-in Heydər Əliyev adına Akademiyasında Bilik Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2011 16:05 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 15 Sentyabr - Bilik Günü təntənəli surətdə qeyd olunub.
MTN-in Heydər Əliyev adına Akademiyasında Bilik Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 15 Sentyabr - Bilik Günü təntənəli surətdə qeyd olunub.

MTN-in ictimai əlaqələr mərkəzindən Trend-ə verilən məlumata görə, ilk olaraq əlaçı kursantlar tərəfindən Dövlət Bayrağı qaldırılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Akademiya rəisinin birinci müavini general-mayor Şahin Sultanov professor-müəllim heyətini və kursantları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin 21 avqust 2004-cü il tarixli fərmanı ilə hər il 15 sentyabr ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Bütün həyati əhəmiyyətli sahələr üzrə Azərbaycan Respublikasının inkişaf perspektivlərini uzaqgörənliklə düzgün müəyyənləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş elm və təhsil strategiyasını da yeni dövrün tələbləri səviyyəsində uğurla davam etdirir.

Azərbaycan Avropanın əksər inkişaf etmiş ölkələrini özündə birləşdirən Boloniya prosesinə 2005-ci ildən qoşulub, respublikada təhsilin ən müasir beynəlxalq tələblərə uyğun təşkili, milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyini, dünya təhsil sisteminə inteqrasiyanı təmin etmək məqsədilə 2009-cu il iyunun 19-da "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Cari il iyul ayının 11-də Azərbaycan Prezidenti İlham Əliyev "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında sərəncam imzalanıb.

General-mayor Şahin Sultanov qeyd edib ki, 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına ümummilli lider Heydər Əliyevin adının verilməsi, Ali Baş Komandan İlham Əliyevin 2006-cı il martın 27-də Akademiyada ulu öndərin abidəsinin və "Şöhrət" muzeyinin açılışlarında iştirak etməsi, Milli Təhlükəsizlik Nazirliyinin və onun akademiyasının fəaliyyətini yüksək qiymətləndirməsi ən əlamətdar hadisə olmaqla yanaşı, fəaliyyət üçün yeni stimul verib.

General-mayor Şahin Sultanov deyib ki, ölkə rəhbərliyinin diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun yüksək təşkilatçılığı və nəzarəti sayəsində Akademiyada ən mükəmməl təhsil üçün planlı tədbirlər həyata keçirilir, təlim-tədris bazası daha da təkmilləşdirilir və durmadan inkişaf edir.

Kursantlara daim yüksək nizam-intizam, nümunəvi davranış nümayiş etdirməyi, tədrisə məsuliyyətlə yanaşmağı, Vətənə, xalqa, dövlətə sədaqətli olmağı tövsiyə edən general-mayor Şahin Sultanov bildirib ki, zəngin və mənalı həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin ömür yolu hamı üçün bir örnək, həyat məktəbi olmalıdır. Müasir tələblərə cavab verən, hərtərəfli hazırlıqlı zabit kimi yetişmək üçün ulu öndərin azərbaycançılıq irsini mənimsəmək hər bir kursantın vətəndaşlıq borcudur.

General-mayor Şahin Sultanov bu xüsusi təyinatlı ali təhsil müəssisəsində yaradılmış yüksək şəraitə, daimi diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudova Akademiyanın rəhbərliyi və şəxsi heyəti adından dərin minnətdarlığını bildirib.

Tədbirin sonunda kursantlar təntənəli marşla tribunanın önündən keçərək yeni biliklərə yiyələnmək üçün auditoriyalara yollanmış və Akademiyada tədris prosesinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti