...

Mülki Məcəlləyə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı müddəalar əlavə ediləcək

Cəmiyyət Materials 21 Sentyabr 2011 10:52 (UTC +04:00)
Azərbaycan Mülki Məcəlləsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən ediləcək.
Mülki Məcəlləyə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı müddəalar əlavə ediləcək

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Mülki Məcəlləsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən ediləcək.

Milli Məclisdən çərşənbə günü Trend-ə verilən məlumata görə, Mülki Məcəlləyə dəyişikliklərlə bağlı hazırlanan qanun layihəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün 8 əsas müəyyən edilib.

Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslardan biri kimi çıxış edir.

İxtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracların nəticələrinə dair yekun protokol, daşınmaz əmlak barəsində notariat qaydada təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı da əsaslardandır.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarları, 2004-cü il avqustun 10-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri də dövlət qeydiyyatı üçün əsasdır.

Mənzil-tikinti kooperativi binasında yaşayış və qeyri-yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar, orderlər də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

2004-cü il avqustun 10-dək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin tarixədək qəbul edilmiş normativ hüquqi aktlarda müəyyən edilən daşınmaz əmlakın qanuni istifadə olunmasına dair sənədlər də əsas kimi çıxış edə bilər.

Məcəlləyə təklif edilən digər bir dəyişiklikdə qeyd olunur ki, barəsində sərəncam verilən daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş texniki göstəricilərlə faktiki göstəricilər arasında uyğunsuzluq olarsa, notarius tərəfindən daşınmaz əmlakın yalnız qanuna uyğun olaraq əldə və ya inşa edilmiş hissəsi üzərində sərəncam verilməsi təsdiqlənir. Bu hal uyğunsuzluq təşkil edən hissədə daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsinə əsas vermir.

Xəbər lenti

Xəbər lenti