...

Müsavat başqanı məhkəmədə 2 aprel aksiyasının təşkilində bütün məsuliyyəti öz üzərinə götürdü

Cəmiyyət Materials 23 Sentyabr 2011 17:01 (UTC +04:00)
2 aprel məhbuslarının məhkəməsində partiya sədrləri şahid qismində dindiriliblər.
Müsavat başqanı məhkəmədə 2 aprel aksiyasının təşkilində bütün məsuliyyəti öz üzərinə götürdü

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir T.Hacıyev/

2 aprel məhbuslarının məhkəməsində partiya sədrləri şahid qismində dindiriliblər.

Bu gün Arif Hacılı, Tural Abbaslı, Fuad Qəhrəmanlı və Məhəmməd Məcidlinin barəsində Cinayət Məcəlləsinın 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə başlanılan cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.

Trend-in məlumatına görə, məhkəmə iclasında Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu, Arif Hacılının qardaşı, "Demokrat" qəzetinin baş redaktoru Mustafa Hacıbəyli və İctimai Palatanın katibi Gülağa Aslanlı şahid qismində ifadə veriblər.

Öncə Müsavat başqanı İsa Qəmbər ifadə verib.

O, 2 aprel aksiyasının təşkil olunmasında bütün məsuliyyəti öz üzərinə götürdüyünü deyib.

Qəmbərin dediyinə görə, ittiham olunan Arif Hacılı İctimai Palatanın aksiya keçirilməsi barədə qərar verilən 24 mart tarixli iclasında iştirak etməyib.

Daha sonra İsa Qəmbər dövlət ittihamçısının suallarını cavablandırıb.

Sullara cavab olaraq partiya sədri deyib ki, onlara aksiya keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təklif olunan yer İctimai Palatanı qane etmədiyinə görə, orada aksiya keçirməkdən imtina ediblər.

Qəmbər aksiyanın Fəvvarələr meydanında keçirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunmadığını deyib.

İsa Qəmbər həmin aksiyada özünün iştirak etmədiyini bildirib.

Sonra Arif Hacılı aksiyalarda video çəkiliş aparan Elçin Cərullayevin məhkəməyə şahid qismində çağırılması barədə vəsatət qaldırıb.

Dövlət ittihamçısı videoçəkiliş aparan şəxsin məhkəməyə şahid qismində çağırılmasından əvvəl həmin videoya məhkəmə zalında baxılmasını hakimdən xahiş edib.

Prokuror bildirib ki, əgər videoçəkiliş məhkəməyə yeni faktlar verməzsə, Cərullayevin məhkəməyə şahid qismində çağırılmasına ehtiyac yoxdur.

Dövlət ittihamçısının etiraz etməsinə baxmayaraq, hakim Arif Hacılının vəsatətini təmin edib.

Daha sonra məhkəmə zalına şahid qismində AXCP sədri Əli Kərimli dəvət olunub. Kərimli ifadəsində təqsirləndirilən şəxslərin heç bir günahının olmadığını deyib.

Sonra o, dövlət ittihamçısının suallarını cavablandırıb.

Məhkəmə prosesi digər şahidlərin ifadələri ilə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti