...

Qanunsuz lotereya və idman mərc oyunlarını təşkil edənlər və keçirənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar

Cəmiyyət Materials 30 Sentyabr 2011 16:26 (UTC +04:00)
Azərbaycanda qanunsuz olaraq lotereya və idman mərc oyunlarını təşkil edənlər və keçirənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Qanunsuz lotereya və idman mərc oyunlarını təşkil edənlər və keçirənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda qanunsuz olaraq lotereya və idman mərc oyunlarını təşkil edənlər və keçirənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Trend-in məlumatına görə, parlamentin cümə günü keçirilən iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə bununla bağlı əlavə və dəyişikliklər qəbul edilib.

Cinayət Məcəlləsinə bununla bağlı 192-1-ci maddə əlavə edilib.

Dəyişikliyə görə, lotereyanın buna hüququ olmayan şəxs tərəfindən və qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan təşkili və ya keçirilməsi, vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd olunan cinayətlər təkrar, külli miqdarda ziyan vurulduqda, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə isə cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə və ya 1 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırmaq təklif olunur.

Qumarxana təşkil etmə və ya saxlama da cinayət məsuliyyətinə səbəb olacaq.

Bununla bağlı Cinayət Məcəlləsinə 244-1-ci maddə əlavə olunub.
Qumarxana təşkil etmə və ya saxlama cinayətinə görə 2 ilədək islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu cinayət təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilərsə, 3-6 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Lotereya və idman mərc oyunları qumar oyunlarına şamil edilmir.

Qumar oyunu dedikdə pul vəsaitləri, maddi və s. nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür.

İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərdə qanunsuz olaraq lotereyanın və idman mərc oyunlarının buna hüququ olmayan şəxs tərəfindən və qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan təşkili və ya keçirilməsinə görə 1500 manatdan 2 min manatadək cərimə nəzərdə tutulur.
Qumar oyunu ilə bağlı İXM-in 309-cu maddəsi də yenidən işlənib.

Qumar oyununda iştirak etməyə, yəni qumar oynamağa görə oyun ləvazimatı, qumara qoyulmuş pul vəsaiti və ya digər əmlak müsadirə edilməklə 400-600 manat cərimə nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti