...

Azərbaycanda havanın pisləşməsi Bakıda infrastrukturun işinə praktiki olaraq təsir etməyib (ÜMUMİLƏŞDİRİLİB)

Cəmiyyət Materials 1 Oktyabr 2011 12:49 (UTC +04:00)
Azərbaycanda hava şəraitinin pisləşməsi ölkədə infrastrukturun işinə praktiki olaraq təsir etməyib.
Azərbaycanda havanın pisləşməsi Bakıda infrastrukturun işinə praktiki olaraq təsir etməyib (ÜMUMİLƏŞDİRİLİB)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycanda hava şəraitinin pisləşməsi ölkədə infrastrukturun işinə praktiki olaraq təsir etməyib.

"Ölkədə qatarların hərəkət qrafikində dəyişiklik yoxdur", - "Azərbaycan Dəmir Yolları" QSC-dən şənbə günü Trend-ə bildiriblər.

Bakıda hava şəraitinin pisləşməsi Heydər Əliyev Beynəlxalq hava limanının iş rejimini dəyişdirməyib. Bu barədə Trend-in müxbiri xəbər verir.

"Reyslərin yola salınması və qəbulu ştat rejimdə həyata keçirilir", - AZAL-dan deyiblər.

"Bakıelektrikşəbəkə" SC-dən (Bakıda elektrik enerjisinin paylanması) Trend-ə bildiriblər ki, Bakının Suraxanı, Yasamal və Qaradağ rayonlarının bəzi kənd yerlərində güclü külək və yağış səbəbindən elektrik enerjisinin verilişində mütəmadi olaraq fasilələr müşahidə olunur.

"Lakin SC-də həmişə bütün mümkün problemlərin aradan qaldırılması və qarşısının alınması üçün texniki ehtiyatlar mövcuddur, - şirkətdən bildiriblər. - Biz əlavə heyətdən istifadə edirik və elektrik enerjisinin verilişində yaranan problem barədə hər bir xəbərdarlıq zamanı onların aradan qaldırılması üçün tədbirlər görülür".

ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Trend-ə məlumat verilib ki, yağışlar dənizdəki və qurudakı yataqlarda neft-qaz əməliyyatlarının aparılmasına təsir etməyib.

Bakıda leysan yağışları paytaxtın bəzi küçələrində hərəkətə maneə törədib. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, güclü yağış Bakının bəzi küçələrində gölməçələr yaradıb. Yol polisi paytaxtda avtomobillərin hərəkətində məhdudiyyətlərin yaranmadığını bildirib.

Buna baxmayaraq, yol polisi sürücülərə qeyri-sabit hava şəraiti zamanı avtomobili ehtiyatlı idarə etməyi tövsiyə edir.

"Azərsu" (su operatoru) dövlət şirkətindən Trend-ə verilən məlumata görə, cümə günü axşamdan şirkətin qəza və kanalizasiya xidmətlərinin əməkdaşları yağış barmaqlıqları və kanalizasiya xətlərinin təmizlənməsi üzrə profilaktik işlər həyata keçiriblər.

"Bakıdakı yolların yalnız 10 faizində yağış barmaqlıqları var, onlar əsasən şəhərin mərkəzində yerləşir. Problemlər onların olmadıqları yollarda mövcudddur", - "Azərsu"dan deyiblər.

Bununla yanaşı, belə küçələrdə leysan yağışlarının nəticələrinin aradan qaldırılması üçün artıq su nasosları və başqa texnika işləyir.

Bakıda güclü yağışlar sabah günortaya gədər davam edəcək. Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, oktyabrın 2-də gündüz saatlarından etibarən hava mülayimləşəcək. Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında düşən yağış gündəlik iqlim normasından nisbətən çoxdur.

Cümə günündən şənbə gününə keçən gecə Azərbaycan paytaxtında güclü leysan yağışlar başlayıb. Sinoptiklər bazar günü də yağıntıların olacağını bildiriblər.

Xəbər lenti

Xəbər lenti