...

Azərbaycanda qida zəhərlənməsi hallarının artmasının əsas səbəbi açıqlanıb

Cəmiyyət Materials 3 Oktyabr 2011 15:29 (UTC +04:00)
Azərbaycanda qida zəhərlənməsi hallarının artmasının əsas səbəbi məişət şəraitində hazırlanan qidaların düzgün saxlanılmaması ilə bağlıdır.
Azərbaycanda qida zəhərlənməsi hallarının artmasının əsas səbəbi açıqlanıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda qida zəhərlənməsi hallarının artmasının əsas səbəbi məişət şəraitində hazırlanan qidaların düzgün saxlanılmaması ilə bağlıdır.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bazar ertəsi Trend-ə bildirib ki,
bu il ərzində iaşə obyektlərində qida zəhərlənməsi hallarının baş verməsi qeydə alınmayıb. Zəhərləmnmə hadisələri məişət şəraitində hazırlanan qidalardan olub.

Onun sözlərinə görə, qida zəhərlənməsindən qorunmaq üçün ərzaqların və qidaların saxlanma qaydalarına riayət etmək lazımdır.

Abdullayev deyib ki, bəzən evdə soyuducunun tez-tez açılıb bağlanması soyudulma sisteminə təsir göstərir. Nəticədə soyuducu yaxşı soyutmur, onun temperatur rejimi düzgün olmur. Soyuducuda saxlanılan məhsulun çıxarıldıqdan sonra bir neçə saat kənarda saxlanılması, daha sonra yenidən soyuducuya qoyulması da düzgün deyil. Çünki bu, məhsulun keyfiyyətinin aşağı düşməsinə təsir göstərir. Bütün bunlar isə öz növbəsində qida zəhərlənməsi hallarının baş verməsinə imkan yaradır.

Bölmə müdiri qeyd edib ki, soyuducuya qoyulmuş bəzi qidaları yemək istədikdə onları 80-90 dərəcəyə qədər qızdırmaq lazımdır. Buna riayət edilmədikdə və qida yaxşı qızdırılmadıqda mikroorqanizmdə olan mikrobların inkişafına şərait yaranır.

Abdullayev hesab edir ki, qida zəhərlənmələrinin sayını azaltmaq üçün əhali arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır.

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 707 qida zəhərlənməsi hadisəsi baş verib və nəticədə 816 nəfər zəhərlənib. Ötən il isə ölkədə 644 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 768 nəfər zəhərlənib.

Xəbər lenti

Xəbər lenti