...

Beynəlxalq Avrasiya Mətbuat Fondu YUNİSEF ilə yeni layihənin icrasına başlayıb (FOTO)

Cəmiyyət Materials 4 Oktyabr 2011 18:31 (UTC +04:00)
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin Uşaq Fondunun (YUNİSEF) dəstəyi ilə yeni layihənin icrasına başlayıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondu YUNİSEF ilə yeni layihənin icrasına başlayıb (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin Uşaq Fondunun (YUNİSEF) dəstəyi ilə yeni layihənin icrasına başlayıb. Bu gün BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəsi Mark Herarvard və BAMF sədri Umud Rəhimoğlu tərəfindən YUNİSEF-in Bakı ofisində bununla bağlı ikitərəfli müqavilə imzalanıb.

BAMF-ın informasiya departamentindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, imzalama tədbirində YUNİSEF rəhbəri Herarvard layihənin onlar üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, BAMF-ın təcrübə və bacarıqları nəticəsində çox böyük uğurlu nəticə əldə edəcəklərinə inandığını deyib. "Mən bir müddət əvvəl Tərtər rayonuna səfər edərkən Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi layihələr və gördüyü işlərlə yaxından tanış oldum. Səfər zamanı BAMF-ın fəaliyyətindən çox məmnun qalmışdım. Sözügedən layihənin BAMF-a etibar edilməsi də bizim bu quruma olan inamımızdan irəli gəlir. Hesab edirik ki, layihə uğurla həyata keçiriləcək və biz çox böyük nəticə əldə edəcəyik", - o deyib.

Rəhimoğlu çıxışı zamanı BAMF-ın beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin müxtəlif qurumları ilə iş təcrübəsindən danışıb. O, Mark Herarvardın müharibədən zərərçəkmiş Tərtər rayonuna səfərinə də toxunaraq bu səfəri yüksək qiymətləndirib. "YUNİSEF-lə birgə imza atdığımız layihə BAMF-ın tərcümeyi-halında çox əlamətdar bir hadisədir, bizə olan etimaddır. Biz də öz növbəmizdə gənclərimiz və cəmiyyətimiz üçün böyük fayda verə biləcək bu layihə ilə başlayan əməkadşlığımızın davamlı olmasına çalışacağıq", - o deyib.

"Azərbaycan gənclərinə dəstək proqramı" adlı layihə bu ilin oktyabrdan başlayaraq 2012-ci ilin sonuna qədər davam edəcək. Bu, BMT-nin Minilliyin İnkişaf məqsədlərinə xidmət edən bir layihədir. Layihənin əsas məqsədi gənclərin idarəçiliyə daha yaxından cəlb olunmaları istiqamətində onları təlimləndirmək, bununla da gəncləri ətraflarında baş verən hadisələrə daha fəal diqqət yetirməyə həvəsləndirmək və müsbət dəyişiklikləri müdafiə etməkdir", - layihənin əsas məqsədindən danışan Rəhimoğlu bildirib.

"Azərbaycan gənclərinə dəstək proqramı" adlı layihə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Tərtər, Yevlax rayonlarında yaşayan gəncləri əhatə edəcək. Layihənin əhatə etdiyi ərazi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin birbaşa təsirinə məruz qalmış rayonlardır. Digər regionlar - Bərdə, Beyləqan və Yevlax müharibədən birbaşa ziyan çəkməsə də, təsirə məruz qalmış rayonlara yaxın olduğuna görə müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti