...

"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində iştirak üçün sənəd qəbulunun vaxtı açıqlanıb

Cəmiyyət Materials 7 Oktyabr 2011 13:16 (UTC +04:00)
2011/2012-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi üçün sənəd qəbuluna oktyabrın 10-dan başlanılacaq.
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində iştirak üçün sənəd qəbulunun vaxtı açıqlanıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi üçün sənəd qəbuluna oktyabrın 10-dan başlanılacaq. Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu noyabrın 10-dək davam edəcək.

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak etmək istəyənlər Təşkilat Komitəsinə müsabiqədə iştirakla bağlı məktəb direktoru və məktəb həmkarlar təşkilatı sədrinin təhsil şöbəsində (idarəsində) qeydiyyata alınmış birgə ərizəsi (forma əlavə edilir - №1) əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin və Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı
rayon təşkilatı sədrinin həmin məktəbin müsabiqədə iştirakının irəli sürülməsi haqqında Təşkilat Komitəsinə birgə təqdimatı, müsabiqədə iştirak üçün müəyyən edilmiş şərtlərə məktəbin fəaliyyətinin uyğunluğu haqqında məlumat, son 3 ildə məktəbdə təhsil və əmək qanunvericiliyinə, təhlükəsizlik və sanitar tələblərə əməl olunması vəziyyəti barədə məktəb direktorunun arayışı, məktəbin fəaliyyəti haqqında rayon və şəhər təhsil şöbəsinin müdirinin qısa arayışı təqdim edilməlidir.

"Ən yaxşı müəllim" müsabiqəsində iştirak etmək istəyənlər isə müəllim Təşkilat Komitəsinə ərizə yazmalı, müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə müəllimin fəaliyyətinin uyğunluğu haqqında məlumat, şərtlərlə əlaqədar müəllimin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri, müəllim haqqında məktəb direktoru və məktəb həmkarlar təşkilatı sədrinin qısa xasiyyətnaməsi təqdim edilməlidir.

Naxçıvan Muxtar Respublikasında müsabiqələr bilavasitə muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən təşkil olunur.

Müəyyən olunmuş müddətdən sonra Təşkilat Komitəsinə daxil olan sənədlər qəbul edilməyəcək.

Azərbaycanda "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri ölkə prezidentinin sərəncamı ilə hər tədris ili ərzində keçirilir.

Xəbər lenti

Xəbər lenti