...

Azərbaycan ABŞ Dövlət Departamentinin dini etiqad azadlığı ilə bağlı hesabatına rəsmi münasibət bildirib

Cəmiyyət Materials 7 Oktyabr 2011 16:32 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ABŞ Dövlət Departamentinin dini etiqad azadlığı ilə bağlı 2010-cu ilin iyul-dekabr aylarını əhatə edən yarımillik hesabatında Azərbaycanla bağlı məlumatlara münasibət bildirib.
Azərbaycan ABŞ Dövlət Departamentinin dini etiqad azadlığı ilə bağlı  hesabatına rəsmi münasibət bildirib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ABŞ Dövlət Departamentinin dini etiqad azadlığı ilə bağlı 2010-cu ilin iyul-dekabr aylarını əhatə edən yarımillik hesabatında Azərbaycanla bağlı məlumatlara münasibət bildirib.

Komitənin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, Azərbaycan Respublikası fikir və söz azadlığı, vicdan azadlığı prinsiplərini gündəlik həyatda təmin etməyə və qorumağa çalışır.

Bu sahədə görülən işlər həyatın ən vacib elementlərindən biri kimi, Azərbaycan hökumətinin diqqət mərkəzindədir və dövlətimiz ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı bütün səyləri dəstəkləyir.

"Bu baxımdan ABŞ Dövlət Departamentinin dünyada din azadlığı ilə bağlı yarımillik icmalını insan haqlarının qorunması istiqamətində göstərilən səylərdən biri kimi qiymətləndirir və bu təşəbbüsü müsbət dəyərləndiririk", - Komitə bildirib.

Qurumun mətbuat xidməti "Etiqad azadlığına dövlət ehtiramının səviyyəsi" bölməsindəki bəzi faktların həqiqəti əks etdirdiyini, lakin məyyən məsələlərə aydınlıq gətirmək lazım olduğunu hesab edir.

Məlumatda bildirilir ki, 2009-cu ilin sentyabr ayından qanunvericiliyə əsasən, ilkin və yenidən qeydiyyatdan keçmə prosesi başlayıb. Ötən iki il ərzində ayrı-seçkilik, ləngitmə və digər qanunsuzluqlara yol verilmədən 570 dini qurum yenidən və ya ilk dəfə dövlət qeydiyyatından keçib.

30 dini qurumun qeydiyyatına imtina sərəncamı verilib, lakin onlardan ikisi imtinaya səbəb olmuş nöqsanları aradan qaldırdığından, qeydiyyatdan keçib.

Sənədləri qanunvericiliyin tələbinə uyğunlaşdırmaq üçün 191 İslam təmayüllü dini icmanın sənədi Qafqaz Müsəlmanları İdarəsinə geri qaytarılıb.

"Hansısa dini qurum qeydiyyatdan keçməyibsə, bunun qanuni əsasları olub və bu barədə həmin dini qurum məlumatlandırılıb", - Komitə bildirib.

2001-ci ildən 2009-cu ilin sentyabr ayına kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 534 dini qurum qeydiyyatdan keçmişdisə, 2009-cu ilin sentyabr ayından 2011-ci ilin sentyabr ayınadək, yəni 2 il ərzində 570 dini qurum qeydiyyata alınıb.

Hesabatda hicabla bağlı qeydlərə cavab olaraq Komitə bildirib ki, bütün demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında da vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz.

Bəzi dini icmaların yenidən qeydiyyatdan keçməməsi səbəblərinə aydınlıq gətirən Komitə bildirib ki, "Yehovanın şahidləri", "7-ci günün adventistləri", Baptistlər, "Nehemiya" dini icmaları yenidən dövlət qeydiyyatına alınmasalar da, müxtəlif vaxtlarda dövlət qeydiyyatından keçiblər və şəhadətnamələri hüquqi qüvvəsini saxlayır. Yenidən qeydiyyatdan keçməmələri həmin dini icmaların ləğvi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məhkəməyə müraciət etmək hüququ versə də, hələlik bu hüquqdan istifadə edilməyib.

Metro stansiyalarında dini ədəbiyyatın satışına məhdudiyyətlər qoyulmasına dair qeydlərə gəlincə, Komitə xatırladır ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 3-cü hissəsinə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir. Satış məntəqələrinin yaradılması müvafiq Təlimatla tənzimlənir. Bu tədbir vətəndaşlar arasında dini mənsubiyyətinə görə nifaq salan radikal ədəbiyyatın və zərərli təbliğat vasitələrinin yayılmasının qarşısını daha effektiv almaq üçün həyata keçirilir.

Komitə bildirib ki, dini ədəbiyyatın ekspertizası və idxalı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən narazılıq edən yeganə dini qurum "Yehovanın şahidləri" dini icmasıdır. Halbuki, Dövlət Komitəsi yalnız bu ilin doqquz ayı ərzində adıçəkilən dini icmanın 136 adda dini ədəbiyyatı ölkəyə idxal və çap etməsinə icazə verib.

"Təhlillər təəssüf hissi ilə deməyə əsas verir ki, bir çox hallarda hesabatda kifayət qədər dəqiqləşdirilməmiş məlumatlar yer alıb. Departamentin əvvəlki hesabatlarını da nəzərə alaraq, qeyd etmək lazımdır ki, bəzən faktlar kifayət qədər etibarlı olmayan mənbələrdən alınır, dəqiqləşdirilmir və müvafiq qaydada yoxlanılmadan sənədə daxil edilir. Hesabatın bəzi hissələrində Azərbaycanda dini durumun obyektiv, real təhlilinə əsla yer verilməyib: ümumi sözlər və qiymətləndirmələr yer alıb, kifayət qədər əsaslandırılmamış fikir və məlumatlar ötən illərin hesabatlarından götürülüb. Təəssüf ki, hesabat, ümumiyyətlə, ölkədəki real vəziyyəti əks etdirmir və səthi xarakter daşıyır", - məlumatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti