...

Azərbaycanda məktəblilər üçün yeni media və fotojurnalistika təlimləri başlayır

Cəmiyyət Materials 19 Oktyabr 2011 16:10 (UTC +04:00)
"Özümü ifadə" adlı regional layihə çərçivəsində məktəblilər üçün yeni media və foto jurnalistika təlimlərinə başlayır.
Azərbaycanda məktəblilər üçün yeni media və fotojurnalistika təlimləri başlayır

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycanın Gənclər üçün Təhsil Mərkəzi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə icra etdiyi "Özümü ifadə" adlı regional layihəsi çərçivəsində məktəblilər üçün yeni media və foto jurnalistika təlimlərinə başlayır.

Mərkəzdən çərşənbə günü Trend-ə verilən məlumata görə, təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin yeni media vasitələri haqqında dolğun bilik və bacarıqlara yiyələnmələrinə şərait yaratmaq, onlarda jurnalistikaya maraq oyatmaq, eyni zamanda, yeni media imkanları vasitəsilə müxtəlif təşəbbüslərin reallaşdırılmasına kömək etməkdir.

Təlimlər cari ilin sonunadək Füzuli rayonu Qayıdış qəsəbəsində davam edəcək. Növbəti il isə təlimlərin digər mərhələləri davam etdiriləcək.

Sözügedən təlimlər Mərkəz tərəfindən reallaşdırılan uzunmüddətli layihənin tərkib hissəsidir. Layihə qaçqın və məcburi köçkün uşaqların təhsil imkanlarının genişləndirilməsini, onların özünü ifadə etmək bacarıqlarının formalaşdırılmasını və şəbəkələşmələrini nəzərdə tutur.

Mərkəz layihəni pilot olaraq Füzuli rayonu Qayıdış qəsəbəsindən başlayıb. Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Qayıdış qəsəbəsində uşaqlar tərəfindən idarə olunan media klublarının yaradılması işi həyata keçirilir. Bunun üçün artıq klubun yerləşdiyi məktəbin maddi-texniki bazasını gücləndirmək məqsədilə oraya bir neçə kompüter avadanlığı verilib və internetə çıxış imkanı yaradılıb. Artıq şagirdlər internetə çıxış imkanından da yararlanırlar.

Xəbər lenti

Xəbər lenti