...

Azərbaycanın müstəqilliyinin bərpasının 20 illik yubileyi Meksikada qeyd olunub (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2011 11:51 (UTC +04:00)
Azərbaycanın müstəqilliyinin bərpasının 20 illik yubileyi münasibətilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən konsert və rəsmi qəbul təşkil edilib.
Azərbaycanın müstəqilliyinin bərpasının 20 illik yubileyi Meksikada qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Azərbaycanın müstəqilliyinin bərpasının 20 illik yubileyi münasibətilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən konsert və rəsmi qəbul təşkil edilib. Bayram tədbiri Mexiko şəhərinin ən nüfuzlu və tarixi mədəniyyət ocağı hesab edilən "Bellas Artes" Milli İncəsənət Sarayının binasında keçirilib. Bu barədə Trend-ə səfirlikdən bildiriblər.

Tədbirin rəsmi açılışı zamanı Azərbaycan və Meksikanın dövlət himnləri səsləndirilib.

Giriş sözü ilə çıxış edən səfir İlqar Muxtarov Azərbaycan xalqı və hökuməti adından qonaqları salamlayıb və Azərbaycanın dövlət müstəqilliyinin qeyd olunması ilə əlaqədar bayram günü sevincinə qoşulduqları üçün tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Səfir Muxtarov Şərqdə ilk demokartik respublika qurmuş Azərbaycanın dövlətçilik tarixi, müasir dövrdə ölkəmizin regionda rolu, iqtisadi inkişafı və beynəlxalq ictimaiyyətə inteqrasiya olunması istiqamətində son 20 il ərzində əldə etdiyi uğur və nailiyyətlərdən bəhs edərək, xalqımızın zəngin mədəniyyəti və müxtəlif dinlərə və xalqlara münasibətdə tolerantlıq və dözümlük ənənələrindən danışıb.

Səfir öz çıxışında, həmçinin Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və münaqişənin nəticələri, habelə Ermənistan hökumətinin regionda davamlı sülh və təhlükəsizliyə təhdidlər yaratdığını bildirib.

Azərbaycan və Meksikanın inkişaf edən ikitərəfli münasibətlərinə toxunan səfir, ölkələrimiz arasında geniş spektrdə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu söyləyib.

Tədbirdə, həmçinin Meksika Konqresinin üzvləri, senator Euxenio Qvadalupe və Meksika-Azərbaycan dostluq qrupunun üzvü, deputat Salvador Karo çıxış ediblər. Natiqlər Meksika Konqresi adından Azərbaycan xalqını müstəqillik bayramı münasibəti ilə təbrik edərək, ölkələrimiz arasında davam edən siyasi əməkdaşlığın, o cümlədən parlamentlərarası, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə ediblər. Qədim və zəngin tarixi keçmişə malik olan ölkəmizin müstəqiliyinin 20 illik yubiley tarixinin mühüm əhəmiyyət kəsb etdiyini bildirən Meksika konqresmenləri, Azərbaycan xalqının azadlıq uğrunda ağır mübarizə edərək yenidən bərpa etdiyi müstəqilliyin əbədi olacağına əmin olduqlarını bildiriblər.

Daha sonra, qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, dövlətçiliyin inkişafı və bu xüsusda Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri, habelə müasir dövrdə Azərbaycanın müxtəlif sahələrdə inkişafı, həyata keçirilən iri miqyaslı iqtisadi layihələr və ölkəmizin genişlənən beynəlxalq münasibətlərindən bəhs edən ispan dilində sənədli film nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsi konsert proqramı və Azərbaycanın Müstəqillik bayramı münasibəti ilə verilmiş ziyafətlə davam etdirilib.

Azərbaycandan qastrol səfərinə getmiş incəsənət xadimlərinin iştirakı ilə keçirilmiş konsert zamanı, xalqımızın milli rəqsləri və qədim irsi olan muğam sənətinin nümunələri ifa edilmiş və qonaqların davamlı alqışları ilə müşayiət olunub.

Ziyafət zamanı qonaqlara Azərbaycan mətbəxinə aid təamlar və şirniyyatlar təqdim edilib.

Xəbər lenti

Xəbər lenti