Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
"Yol hərəkəti haqqında" qanuna nəqliyyat vasitələrinin idarəetmə vərdişləri üzrə imtahan və sürücülük vəsiqələrinin verilməsi ilə bağlı əlavə və dəyişikliklər olunacaq.
Trend-in məlumatına görə, əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub.
Əlavə və dəyişikliklərdə qeyd olunub ki, sürücülük vəsiqəsi üçün tələb olunan dövlət rüsumu yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilməlidir.
İmtahanlar zamanı növbələrin yaranmaması üçün sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi yaradılmalıdır.
Əlavələrdə nəqliyyat vasitələrinin idarəetmə vərdişləri üzrə imtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında videokamera quraşdırılması nəzərdə tutulub.
Həmçinin, nəqliyyat vasitələrinin idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda nəqliyyat vasitələri növbələri istisna edəcək sayda olmalı və imtahan verilən gün istehsal tarixi 5 ildən artıq olmayan nəqliyyat vasiətələrindən istifadə olunmalıdır.
Əlavə və dəyişikliyə görə, sürücülər imtahandan 30 dəqiqə sonra sürücülük vəsiqəsini ala biləcəklər.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.