Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müstəqil mətbuat orqanlarından biri olan "Şərq" qəzetinin bu gün 15 illik yubileyi qeyd olunub. Trend-in məlumatına görə, Azərbaycan Nəşriyyatında bununla bağlı şənbə günü keçirilən tədbirdə qəzetin baş redaktoru Akif Aşırlı qeyd edib ki, qəzetin yaradılması əsasən, 1996-cı il illə əlaqələndirilsə də, əslində, "Şərq" qəzeti 1994-cü ildən nəşr olunub.
Aşırlının sözlərinə görə, 1994-cü ilin mart-aprel aylarında qəzetin bir neçə nüsxəsi nəşr edilib. Lakin sonradan qəzetin nəşri dayandırılıb.
Aşırlı bildirib ki, 1996-cı ildən etibarən "Şərq" qəzeti mütəmadi olaraq, nəşr olunmağa başlayıb.
Qəzetin baş redaktoru bildirib ki, mütəmadi nəşr olunduğu 15 il ərzində "Şərq"də 80-dən çox jurnalist yetişib və bu gün həmin şəxslər Azərbaycanın müxtəlif media qurumlarında çalışırlar.
Aşırlı qeyd edib ki,qəzetin yarandığı dövrdə Azərbaycanın ictimai-siyasi həyatında çox ciddi proseslər baş verirdi və bu qəzeti də ictimai-siyasi proseslərdə fəal iştirak edən şəxslər təsis ediblər.
"Şərq"in uzun müddət səkkiz səhifə olmaqla, həftədə bir dəfə nəşr olunduğunu xatırladan baş redaktor əlavə edib ki, hazırda qəzet gündəlik nəşr edilir.