...

Türkiyənin bir qrup dövlət qulluqçusu Azərbaycanda səfərdədir

Cəmiyyət Materials 31 Oktyabr 2011 17:44 (UTC +04:00)
Türkiyənin bir qrup dövlət qulluqçusu Azərbaycanda səfərdədir.
Türkiyənin bir qrup dövlət qulluqçusu Azərbaycanda səfərdədir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyənin bir qrup dövlət qulluqçusu Azərbaycanda səfərdədir.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, səfər iki ölkənin müvafiq qurumları arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı əsasında baş tutub.

Səfərdə məqsəd hər iki ölkənin müvafiq dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Türkiyənin 5 dövlət orqanını təmsil edən 10 nəfər rəhbər işçidən ibarət nümayəndə heyətinə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, Dövlət Kadrlar İdarəsinin, Dini İşlər İdarəsinin və Elmi-Texnoloji Araşdırma Qurumunun nümayəndələri daxildirlər.

Oktyabrın 31-də türkiyəli dövlət qulluqçular üçün Azərbaycanın dövlət qulluğu sistemi barədə Komissiya əməkdaşlarının təqdimatları olub.

Komissiyanın əməkdaşları "Azərbaycan Respublikasında dövlət idarəçilik sistemi", "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya barədə ümumi məlumat" və "Azərbaycan Respublikasında dövlət qulluğuna E-qəbul" mövzularında təqdimatla çıxış ediblər.

Türkiyəli dövlət qulluqçularının səfəri noyabr ayının 4-dək davam edəcək. Bu müddət ərzində qonaqlar Mədəniyyət və Turizm Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətlərini əks etdirən təqdimatlarla tanış olacaq.

Bundan başqa, qonaqlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində olacaq.

Azərbaycan Respublikasının bir qrup dövlət qulluqçusunun Türkiyəyə qarşılıqlı səfəri cari ilin dekabr ayında olacaq.

Xəbər lenti

Xəbər lenti