Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir M.Əliyev/
Avropa İttifaqı Avropa məkanının zəngin mədəni müxtəlifliyini qoruyub və digər bölgələrə də ötürmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməliyyat şöbəsinin rəhbəri Federiko Berna "Şərq tərəfdaşlığı" proqramının mədəniyyət məsələləri üzrə monitorinq və institusional inkişaf bürosunun keçirdiyi "dəyirmi masa"da bildirib.
"Mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi "Şərq tərəfdaşlığı" proqramının vacib hissəsidir", - o qeyd edib.
Berna bildirib ki, "Şərq tərəfdaşlığı"nın mədəniyyət üzrə proqramı 2010-cu ildən həyata keçirilir.
"Proqramın məqsədi regionda davamlı inkişafa dəstək vermək, regionun Avropa ilə əlaqələrini genişləndirməkdir", - o deyib.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin sektor müdiri Vasif Eyvazzadə "dəyirmi masa"da bildirib ki, Azərbaycan Avropaya inteqrasiyanı dəstəkləməklə "Şərq tərəfdaşlığı" çərçivəsində birgə layihələr həyata keçirir. Onun sözlərinə görə, "dəyirmi masa"da birgə layihələrin həyata keçirilməsi zamanı üzə çıxan məsələlər müzakirə olunaraq öz həllini tapacaq.