...

Azərbaycan və Türkiyə ixracyönümlü ekoloji məhsul istehsalının artırılmasını müzakirə ediblər

Cəmiyyət Materials 1 Noyabr 2011 15:56 (UTC +04:00)
Azərbaycan və Türkiyə üçün qeyri-neft məhsullarının ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolunun formalaşdırılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan və Türkiyə ixracyönümlü ekoloji məhsul istehsalının artırılmasını müzakirə ediblər

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycan və Türkiyə üçün qeyri-neft məhsullarının ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolunun formalaşdırılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bu barədə Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) nümayəndəsi Sibel Güneyi noyabrın 1-də Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin və TİKA-nın təşkilatçılığı ilə keçirilmiş "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı və davamlı inkişafı (Türkiyə-Azərbaycan təcrübə mübadiləsi)" mövzusunda konfransda bildirib.

"Hər iki ölkə rəqabətqabiliyyətli və ixracyönümlü ekoloji məhsul istehsalının artırılmasında geniş imkanlara malikdir", - Güneyi deyib.

O, Azərbaycan-Türkiyə əlaqələrinin ikitərəfli əməkdaşlığa gözəl nümunə olduğunu vurğulayıb, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib. Güneyi iki ölkə sahibkarları arasında mövcud əlaqələr barədə məlumat verib, işgüzar əməkdaşlığın genişlənməsində özəl sektorun rolunu xüsusilə qeyd edib.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev kənd təsərrüfatında ekoloji təmiz məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ixrac imkanlarının daha da genişləndirilməsi, Azərbaycanın zəngin təbii ehtiyatlarından səmərəli istifadə etməklə ölkədə ekoloji təmiz kənd təsərrüfatının inkişafı üçün əlverişli şəraitin olduğunu qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov ekoloji təmiz kənd təsərrüfatının qeyri-neft ixracının artırılmasında, həmçinin regional sahibkarlığın inkişafında mühüm rolundan danışıb, bu sahədə ixtisaslı kadrların hazırlığı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, ekoloji təmiz məhsulların tədarükü, emalı, saxlanması texnologiyalarının işlənməsi və istehsalata tətbiqi, istehsalçılara elmi-praktiki köməyin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusi önəm kəsb edir.

Tədbirdə çıxış edən türkiyəli mütəxəssislər "Ekoloji təmiz kənd təsərrüfatında beynəlxalq sertifikasiya kriteriyaları", "Dünyada və Türkiyədə ekoloji təmiz kənd təsərrüfatına verilən dövlət dəstəyi", "Ekoloji təmiz kənd təsərrüfatında elmi tədqiqatlar və kadr hazırlığı", "Ekoloji təmiz kənd təsərrüfatının regionların və sahibkarlığın inkişafında rolu", "Kənd təsərrüfatında proqram fəaliyyəti və büdcələndirmə", "Ekoloji təmiz kənd təsərrüfatında marketinq və ixrac" mövzularında məruzələrlə çıxış edib, bu sahədəki təcrübələrindən danışıblar.

Xəbər lenti

Xəbər lenti