Azərbaycan, Bakı, 18 noyabr / Trend müxbir İ.İsabalayeva/
Azərbaycan Nazirllər Kabineti "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiqləyib. Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, təsdiqlənmiş sənədlər "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası Qaydaları və Şərtləri", "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı", "Transplantasiya üçün insan orqan və (və ya) toxumalarının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması Qaydaları", "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının zəruriliyi barədə tibbi qərarın qəbul edilməsi Qaydası"dır.
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası qayda və şərlərinə görə, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə əvəz edilməsinə yol verilir.
Donordan orqan və (və ya) toxumaların götürülməsi hərtərəfli tibbi müayinədən keçdikdən sonra həkim-mütəxəssislərin konsiliumunun rəyinə əsasən, onun sağlamlığına əhəmiyyətli dərəcədə zərər vermədiyi təqdirdə mümkündür.
Orqan və (və ya) toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı ola biləcək ağırlaşmaların mahiyyəti izah edilərək, bu barədə onlara surəti təqdim olunmaqla, qabaqcadan rəsmi bildiriş verilir.
Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir.
Resipiyentin həyatı təhlükədə olarsa və onun özünün, valideynlərinin və ya qanuni nümayəndəsinin razılığını almaq mümkün olmadıqda, transplantasiya bu cür razılıqlar olmadan həyata keçirilir.
Transplantasiya yalnız ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatı tələblərinə riayət edilməklə həyata keçirilir.
Transplantasiya işinin təşkili zamanı 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi (sümük iliyinin transplantasiyası istisna olmaqla), resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdəki şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən orqan və (və ya) toxumaların götürülməsi, insan orqan və (və ya) toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur edilməsi, donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları, ölüm vəziyyətində olan potensial donorun müalicəsində və donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.
Transplantasiyanı həyata keçirən tibb müəssisələrinə insan orqanlarının və (və ya) toxumalarının alqı-satqısı, həmçinin onların götürülməsinə məcburetmə halları məlum olduqda, bu barədə dərhal aidiyyəti hüquq mühafizə orqanlarına məlumat verilir.
M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında böyrək, Mərkəzi Gömrük Hospitalıında qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzində gözün buynuz qişası, Mərkəzi Neftçilər Xəstəxanasında qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası transplantasiya edilə bilər.