...

Azərbaycanda ilk dəfə olaraq hemofiliyalı xəstələr travmatoloji əməliyyat ediləcək

Cəmiyyət Materials 23 Noyabr 2011 16:32 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq dekabr ayında hemofiliyalı xəstə üzərində travmatoloji əməliyyat həyata keçiriləcək.
Azərbaycanda ilk dəfə olaraq hemofiliyalı xəstələr travmatoloji əməliyyat ediləcək

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq dekabr ayında hemofiliyalı xəstə üzərində travmatoloji əməliyyat həyata keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) rəhbəri Gülnarə Hüseynova deyib.

Azərbaycanda indiyədək hemofiliyalı xəstə üzərində travmatoloji əməliyyatın həyata keçirilmədiyini deyən Hüseynovanın sözlərinə görə, əməliyyat ediləcək ilk xəstə Gəncə şəhər sakini, I qrup əlil, xəstəlik nəticəsində hər iki ayağı deformasiya olunmuş Samir Əhmədov olacaq. Xəstəni Respublika Klinik Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Natiq Əliyev Moskvadan dəvət edilmiş həkim-travmatoloqların iştirakı ilə aparacaq.

Hüseynovanın sözlərinə görə, hemofiliya irsi qan xəstəliyidir. Bu xəstələrin qanında laxtalanma olmadığı üçün oynaqlarında qansızmalar baş verir. Bu da həmin şəxslərin şikəst olmasına gətirib çıxarır. Xəstənin bu vəziyyətini bərpa etmək üçün mütləq cərrahiyyə əməliyyatı aparmaq lazımdır.

HXRA-nın rəhbərinin sözlərinə görə, 5 il bundan əvvələ qədər Azərbaycandakı hemofiliyalı xəstələr dövlət tərəfindən dərmanla təmin edilmədiyi və həmin dərmanlar da çox bahalı olduğu üçün xəstələr onları ala bilmirdilər. Bu səbəbdən hazırda yaşı 25-dən yuxarı olan xəstələrin müxtəlif cərrahiyə əməliyyatına ehtiyacları var.

"2006-cı ildə aparılmış hesablamalara görə, cərrahiyyə əməliyyatına ehtiyacı olan xəstələrin sayı 217 nəfər olub. Hazırda da əməliyyata ehtiyacı olan xəstələrin sayı elə bu qədər hesab edilir", - Hüseynova əlavə edib.

Xəbər lenti

Xəbər lenti