...

Moldovada MDB ölkələrində medianın özünütənzimləməsini həyata keçirən qurumların regional konfransı keçirilir

Cəmiyyət Materials 23 Noyabr 2011 18:42 (UTC +04:00)
Bu gün Moldovanın paytaxtı Kişinyovda Müstəqil Dövlətlər Birliyi məkanına daxil olan ölkələrdə medianın özünütənzimləməsini həyata keçirən qurumların regional konfransı öz işinə başlayıb.
Moldovada MDB ölkələrində medianın özünütənzimləməsini həyata keçirən qurumların regional konfransı keçirilir

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Bu gün Moldovanın paytaxtı Kişinyovda Müstəqil Dövlətlər Birliyi məkanına daxil olan ölkələrdə medianın özünütənzimləməsini həyata keçirən qurumların regional konfransı öz işinə başlayıb.

Azərbaycan Mətbuat Şurasından (MŞ) çərşənbə günü Trend-ə verilən məlumata görə, qurumun monitorinq qrupunun rəhbəri Əvəz Rüstəmovun qatıldığı və 2 gün davam edəcək tədbirin təşkilatçısı Moldova Mətbuat Şurasıdır. Bu qurumun təşəbbüsü, YUNESKO-nun Moskva ofisinin maliyyə dəstəyi ilə gerçəkləşdirilən layihə çərçivəsində baş tutan toplantıda başlıca mövzu kütləvi informasiya vasitələrinin materiallarında şəxsi həyata müdaxilə və təqsirsizlik prezumpsiyasının pozulması halları olub. Tədbirdə Avropanın bir sıra ölkələrindən media ekspertləri də iştirak edirlər.

Konfransı giriş sözü ilə Moldova Mətbuat Şurasının sədri Lyüdmila Andronkina açaraq rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib. Qurumun əsas missiyasının şikayətlərin araşdırılmasından ibarət olduğunu deyən sədr mövcud prosesdə, eyni zamanda, Şuranın özünütənzimləmə ilə bağlı məsələlərdə qarşılaşdığı problemlərin aradan qaldırılmasında təcrübə mübadiləsinin vacibliyini vurğulayıb və regional tədbiri bu baxımdan əhəmiyyətli sayıb. Daha sonra çıxış edən YUNESKO-nun Moldova ofisinin rəhbəri Lyuminiça Drumya da layihə çərçivəsində müzakirə olunacaq mövzunun vacibliyindən öhbət açıb.

Tədbirin ilk iclası Moldova Mətbuat Şurasının şikayətlərin araşdırılması ilə bağlı praktikasına həsr olunub. Bu bölümdə sözügedən qurumun prosedur qaydalara uyğun olaraq həyata keçirdiyi şikayətlərə baxma təcrübəsi model kimi təqdim olunub.

Konfrans ikinci iclas isə iştirakçı ölkələrin mövzu ilə bağlı çıxışları ilə davam edib. Rüstəmov çıxışı zamanı bildirib ki, təmsil olunduğu qurumun təcrübəsində istər təqsirsizlik prezumpsiyasının pozulması, istərsə də şəxsi həyata müdaxilə hallarına dair kifayət qədər faktlara rast gəlinib. Lakin MŞ-nin yarandığı 2003-cü illə müqayisədə belə faktların sayında azalma müşahidə edilməkdədir.

"Lakin vəziyyət onun hər zaman nəzarətdə saxlanılmasına ehtiyac duyulacaq qədər aktualdır. Düşünürəm ki, eyni məsələ digər postsovet respublikaları üçün də müstəsna əhəmiyyətə malikdir. Bu məqam Bakıda müxtəlif miqyasda baş tutan regional media görüşlərində də vurğulanıb. Çox zaman jurnalistlər ictimai həyatla şəxsi həyat məsələlərini qarışdırırlar. Bəzən məmur, vəzifəli şəxs haqqında elə bilgilər gündəmə gətirilir ki, əslində həmin məlumatlara heç bir ehtiyac duyulmur. Əksinə, bu kimi hallar sonradan jurnalistin əleyhinə çevrilir. Vəziyyət təbii ki, peşəkarlığın çatışmazlığından irəli gəlir", - deyən Rüstəmov Azərbaycan Mətbuat Şurasının ayrı-ayrı sahələr, xüsusən də hüquqi mövzuda biliklərin artırılmasına önəm verdiyini vurğulayıb.

Tədbirin ikinci günündə iştirakçı media qurumlarının nümayəndələrinin çıxışları ətrafında müzakirələr aparılacaq, Avropadan olan ekspertlərin mövzu ilə bağlı məruzələri səslənəcək. Həmçinin, layihədə nəzərdə tutulduğu kimi, yerli KİV-lər üçün tövsiyə təlimatının hazırlanması da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti