Azərbaycan, Bakı, 29 noyabr / Trend, müxbir S.Ağayeva/
Sankt-Peterburqdakı Dövlət Ermitajında Azərbaycan xalqının tarxi və mədəni irsinin eksponatlarının ilk daimi sərgisinin açılması planlaşdırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsünü Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Ermitajın direktoru Mixail Piotrovskiyə onunla görüşü zamanı təqdim edib. Bu barədə Trend-ə Baş konsulluqdan məlumat verilib.
Məsələ öz müsbət həllini tapıb.
Rusiya Dövlət Ermitajı və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi arasında Ermitajda saxlanılan Azərbaycan eksponatlarının ilk daimi sərgisinin yaradılması haqqında Niyyət protokolunun imzalanması 2012-ci ilin yanvar ayına planlaşdırılır.
Görüşdə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyinin Rusiya Dövlət Ermitajında təntənəli keçirilməsi ilə bağlı razılıq əldə olunub.