...

Azərbaycan və Macarıstan arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

Cəmiyyət Materials 30 Noyabr 2011 14:01 (UTC +04:00)
Azərbaycan və Macarıstan arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin yaxın gələcəkdə imzalanması üçün hazırlanması barədə ilkin razılıq əldə olunub.
Azərbaycan və Macarıstan arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan və Macarıstan arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin yaxın gələcəkdə imzalanması üçün hazırlanması barədə ilkin razılıq əldə olunub.

Trend-in məlumatına görə, bu razılıq noyabrın 27-30-da Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyətinin Macarıstana səfəri çərçivəsində əldə olunub. Məlumatı Azərbaycanın Macarıstandakı Səfirliyi yayıb.

Səfər çərçivəsində Səlim Müslümovun Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsinin Baş direktoru Yozef Mezaroşla, Mərkəzi Pensiya Hesablanması və İnformasiya İdarəsinin Direktoru Molnar Marta və Macarıstan Maliyyə Nəzarət İdarəsinin baş müşaviri Yozef Banyar (Jozsef Banyar) ilə görüşləri keçirilib.

Görüşlər zamanı iki ölkənin pensiya təminatı və sosial sığorta sistemləri ətraflı müzakirə edilmiş, fikir və məlumat mübadiləsi aparılıb, ekspertlər səviyyəsində danışıqlar keçirilib.

Səfərin sonunda Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Səfər çərçivəsində Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri, Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi xanım Roza Nad (Roza Nagy) arasında da görüş keçirilib. Görüş zamanı sosial müdafiə sahəsində əməkdaşlığın ümumi iqtisadi əlaqələrin mühüm bir hissəsi olduğu vurğulanıb, bu sahədə əməkdaşlığın daha da gücləndiriləcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti