...

Şagirdlər üçün iş dəftərlərinin qiyməti ucuzlaşacaq

Cəmiyyət Materials 30 Noyabr 2011 15:26 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi növbəti tədris ili üçün iş dəftərlərinin həcminin azaldılması məsələsini müzakirə edir. Bunu çərşənbə günü Trend-ə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib.
Şagirdlər üçün iş dəftərlərinin qiyməti ucuzlaşacaq

Azərbaycan, Bakı, 30 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi növbəti tədris ili üçün iş dəftərlərinin həcminin azaldılması məsələsini müzakirə edir. Bunu çərşənbə günü Trend-ə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib.

Onun sözlərinə görə, iş dəftərlərinin həcmi böyük olmasa, onun qiyməti də nisbətən aşağı olacaq. Bununla da qiymətlər valideynlərin alıcılıq imkanlarına uyğunlaşdırılacaq.

Hazırda bu məsələnin gündəmdə olduğunu deyən şöbə müdiri bildirib ki, iş dəftərlərinin qiymətləri nəşriyyatlar tərəfindən müəyyənləşdirilir. Onların qiymətləri həcmindən asılı olaraq, müxtəlifdir.

Şahbazlı iş dəftərlərinin şagirdlərə pulsuz paylanılmasının mümkünsüz olduğunu da açıqlayıb.

Onun sözlərinə görə, hazırda dərsliklər dövlət vəsaiti hesabına çap edilərək şagirdlərə paylanılır. Amma dərsliklər 4 il üçün nəzərdə tutulduğu halda, iş dəftərləri yalnız bir il istifadə edilə bilər.

"Belə çıxır ki, onda hər il şagirdlərin sayına görə iş dəftərləri çap edilməlidir. Bu isə mümkün deyil. Çünki dərsliklərin hazırlanması üçün o qədər dövlət vəsaiti ayrılmır", - Şahbazlı əlavə edib.

Hazırda Azərbaycanda iş dəftərlərindən dərslik komplektinin tərkib hissəsi kimi 1-4 sinif şagirdləri istifadə edir. Dərslik komplektinə daxil olan dərslik və müəllim üçün vəsait dövlət vəsaiti hesabına çap edilərək şagird və müəllimlərə paylanılır. İş dəftərlərini isə valideynlər öz vəsaitləri hesabına alırlar.

Xəbər lenti

Xəbər lenti