Azərbaycan, Bakı, 15 dekabr / Trend müxbir İ.İsabalayeva/
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısını almaq məqsədilə keçirdiyi növbəti reydin nəticəsini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, noyabr ayı ərzində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan şəxslərdən ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb. Onlara qarşı qanuna müvafiq tədbirlər görülüb.
Qanunsuz ovla məşğul olan İlham Hüseynov Sumqayıt inzibati rayonu, Ərəstun Usubov İmişli rayonu, Eynulla Əsədov, Elxan Hüseynov, Elgün Salmanov, Ceynur Əhmədov Neftçala rayonu ərazisində saxlanılıb və onlardan 6 ədəd ov tüfəngi və 26 ədəd çöl quşları götürülüb. Həmin şəxslər barəsində qanuna müvafiq protokollar tərtib edilərək hər biri inzibati qaydada 1000 manat məbləğində cərimələnib. Qanunsuz ovla məşğul olan şəxslərdən götürülmüş çöl quşları ETSN-nin əməkdaşları tərəfindən yandırılıb.
Sumqayıt şəhəri və Lənkəran rayonları ərazilərində keçirilən reydlər zamanı qanunsuz ov edən 2 nəfər saxlanılaraq onlardan 2 ədəd ov tüfəngi götürülüb. Faktlarla bağlı akt tərtib olunmuş və qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə müraciət edilib.
Keçirilən reydlər zamanı Quba rayonu ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılaraq ondan 1 ədəd ov tüfəngi və 1 baş dağ keçisi, Zaqatala rayonu ərazisində isə 7 nəfərdən ibarət qrup saxlanılaraq, onlardan 7 ədəd ov tüfəngi və 1 baş cüyür götürülmüşdür. Hər iki fakt üzrə qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzrə zəruri tədbirlər görülür.