...

Azərbaycanda şəhərlər haqqında ayrıca qanun layihələri hazırlana bilər

Cəmiyyət Materials 20 Dekabr 2011 15:31 (UTC +04:00)
Milli Məclisdə Azərbaycanın bır sıra böyük şəhərləri haqqında ayrıca qanun layihəsi hazırlana bilər.
Azərbaycanda şəhərlər haqqında ayrıca qanun layihələri hazırlana bilər

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Milli Məclisdə Azərbaycanın bır sıra böyük şəhərləri haqqında ayrıca qanun layihəsi hazırlana bilər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

O qeyd edib ki, həmin şəhərlər Bakı, Naxçıvan, Gəncə və Şəki ola bilər.

"Bu şəhərlərin haqqında qanunlar hazırlamaq mümkündür. Çünki bu şəhərlərin iqtisadi, sosial tarixi ilə yanaşı, tarixi etnoqrafik strukturu da var. Onların mühafizəsi, bu şəhərlər üzərində mədəniyyət sahəsində iş aparılması üçün belə qanunların olması əhəmiyyətlidir", - komitə sədri qeyd edib.

O bildirib ki, rəhbərlik etdiyi komitə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə "Mədəniyyət haqqında" ayrıca qanun layihəsi hazırlayır. Layihə yaxın günlərdə komitədə müzakirə ediləcək.

Cəfərov qeyd edib ki, qanunda prodüser institutunun yaradılması məsələsinin vacibliyi qeyd edilməlidir. Millət vəkilinin sözlərinə görə, prodüsser institutu bu gün bütün dünyada mədəniyyət və incəsənətin idarə olunmasında çox mühüm rol oynayır.

Hazırda qüvvədə olan qanunda bu məsələnin nəzərdə tutulmadığını deyən Cəfərov "Aşıq sənəti haqqında", "Muğam haqqında" qanun layihələrinin hazırlandığını da açıqlayıb.

Xəbər lenti

Xəbər lenti