Azərbaycan, Bakı, 22 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Ədliyyə naziri yanında İctimai Komitənin yeni tərkibi formalaşdırılacaq.
Ədliyyə Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin bir illik səlahiyyət müddəti gələn il yanvarın 18-də başa catır.
İctimai Komitənin yeni tərkibinin formalaşdırılması ədliyyə nazirinin 25 aprel 2006-cı il tarixli , Komitənin fəaliyyətini tənzimləyən əmri ilə təsdiq edilərək dövlət qeydiyyatına alınmış qaydalara əsasən həyata keçirilir.
Qaydalara müvafiq olaraq, Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə tərkibi aidiyyəti dövlət, habelə qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən, ictimai xadimlərdən ibarət olan Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyəti təhlil edilərək qiymətləndirilir, namizədlər arasında seçim aparılır.
Nazirlik bununla əlaqədar müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərini yeni tərkibin formalaşdırılmasında iştiraka dəvət edir.
İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyənlər öz proqram və təklifləri ilə Ədliyyə Nazirliyinə - Seçki Komissiyasına müraciət edə bilərlər.
Müraciətə namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.
Ədliyyə naziri yanında İctimai Komitənin yeni tərkibi formalaşdırılacaq
Ədliyyə naziri yanında İctimai Komitənin yeni tərkibi formalaşdırılacaq.
