...

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

Cəmiyyət Materials 29 Dekabr 2011 19:48 (UTC +04:00)
Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Ədliyyə Nazirliyinin cümə axşamı keçirilmiş kollegiya iclasında Azərbaycan Prezidenti İlham Əliyevin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğısı, ötən ay peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçilərinin ali xüsusi rütbələrə və yüksək dövlət təltiflərinə layiq bilinməsi vurğulanaraq, "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif edilmiş ədliyyə işçilərinə nazir Fikrət Məmmədov tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilib.

Trend-in nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, dövlət təltifinə layiq bilinmiş əməkdaşlar çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə edib, ədliyyənin inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Kollegiyada dövlət başçısının dekabrın 27-də təsdiq etdiyi insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına dair Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələr müzakirə olunaraq, bu mühüm sənədin ədliyyə işçiləri tərəfindən mükəmməl öyrənilməsi və mütəşəkkil icrasının təmin olunmasına dair müvafiq tapşırıqlar verilib.

İclasda humanizm ideyalarına daim sadiq qalan dövlət başçısı tərəfindən dekabrın 26-da imzalanmış və 92 nəfərə şamil olunmuş əfv sərəncamının ombudsmanın, millət vəkillərinin, Əfv Komissiyası üzvlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə təxirə salınmadan icrası bildirilib. Eyni zamanda, ölkəmizdə qəbul edilmiş 50 əfv aktının 5300-dən çox şəxsi əhatə etdiyi, bu növbəti humanist addımı əfv edilmiş şəxslərin və yaxın qohumlarının yüksək qiymətləndirərək dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etdikləri qeyd olunub.

Kollegiyada məlumat verilib ki, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ölkəmizdə hakimliyə namizədlərin seçilməsinə maraq göstərərək nüfuzlu ekspert qrupu yaradıb və qrup üzvləri Azərbaycana səfər etməklə ilk dəfə olaraq internetdə onlayn rejimində yayımlanmış bu seçimi bilavasitə izləyiblər. Bununla bağlı CEPEJ ekspertləri tərəfindən hazırlanmış əhatəli hesabatda bu sahədə Azərbaycanda formalaşmış institusional qurumların fəaliyyətinin və hakimlərin seçiminin mütərəqqi Avropa standartlarına cavab verdiyi göstərilib və proses xüsusi şəffaflığı, obyektivliyi, saflığı ilə fərqləndirilib. Avropa Şurasının bütün üzv-dövlətlərinin iştirakı ilə Komissiyanın bu ayın əvvəlində keçirilmiş iclasında göstərilən hesabat geniş müzakirə olunub və bu sahədə Azərbaycanın müsbət təcrübəsi örnək kimi qiymətləndirilib.

Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən "Şərq tərəfdaşlığı" proqramının ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsi üzrə hesabatda da ölkəmizdə hakimliyə namizədlərin seçimi proseduru üzrə fəaliyyət metodu müsbət nümunə kimi qiymətləndirilib və digər üzv-dövlətlərə bu təcrübəyə əsaslanmaq tövsiyə edilib.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Milli Məclisə təqdim olunmaq üçün hazırlanmış illik məruzə də müzakirə edilib. Qeyd olunub ki, 2011-cı il ərzində 32 minə yaxın bələdiyyə aktı inzibati nəzarət qaydasında yoxlanılıb və onlardan 1600-dən çoxu nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. 690 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunub, bununla yanaşı, 28 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib və onlardan 15-i üzrə artıq cinayət işi başlanıb. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 4.300 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunub.

İclasda, həmçinin, ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə il ərzində görülmüş işlərin nəticələri müzakirə edilib, o cümlədən dövlət başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan sərt mübarizə sahəsində tədbirlər vurğulanıb, antikorrupsiya monitorinqləri həyata keçirən QHT-lər tərəfindən Ədliyyə Nazirliyinin fəaliyyətinin təqdir edilməsi qeyd olunub, habelə növbəti il üçün prioritetlər müəyyən edilərək qarşıda duran vəzifələrlə bağlı zəruri tapşırıqlar verilib.

Bununla yanaşı, nazirliyin bəzi normativ-hüquqi aktlarının təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirə olunub.

İclasda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Xəbər lenti

Xəbər lenti