...

Azərbaycanda qrip epidemiya halı alıb?

Cəmiyyət Materials 10 Yanvar 2012 13:20 (UTC +04:00)
Hazırda Azərbaycanda qrip xəstəliyi ilə bağlı təhlükəli vəziyyət yoxdur və əhali arasında müşahidə edilən qrip xəstəliyi epidemiya xarakterli deyil.
Azərbaycanda qrip epidemiya halı alıb?

Azərbaycan, Bakı, 10 yanvar / Trend müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanda qrip xəstəliyi ilə bağlı təhlükəli vəziyyət yoxdur və əhali arasında müşahidə edilən qrip xəstəliyi epidemiya xarakterli deyil. Bunu çərşənbə axşamı Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Azərbaycanın baş infeksionisti Namiq Əliyev deyib.

Qrip xəstəliyi ilə əlaqədar əhalinin narahat olmasına əsas görməyən baş infeksionistin sözlərinə görə, hazırda insanlarda A qrupuna aid olan adi qrip forması müşahidə edilir. Bu infeksiya insanlara hava-damcı yolu ilə keçir.

İnstitut direktoru bildirib ki, builki payız-qış mövsümündə qripə yoluxanların sayı ötən ildəkidən azdır. Bunu daha çox havaların mülayim keçməsi ilə əlaqələndirən Əliyevin sözlərinə görə, bu il insanlarda müşahidə edilən qrip yüngül formada keçir.

O bildirib ki, yalnız tək-tək hallarda qripin ağır forması müşahidə edilir.

Qrip xəstəliyinin hər il mövsüm dəyişəndə müşahidə edildiyini xatırladan baş infeksionist əhalini sağlamlığına qarşı diqqətli olmağa çağırıb.

Əliyev ölkə əhalisinin qripdən qorunmaq üçün vaksinlərə az maraq göstərdiyini də qeyd edib. O əlavə edib ki, bu vaksinlər orqanizmdən asılı olaraq, insanlara müxtəlif cür təsir edə bilər.

İnstitut direktoru deyib ki, adətən vaksinlər insanların 5-6 ay qripə yoluxmasının qarşısını alır. Amma orqanizmin xüsusiyyətlərindən asılı olaraq, bəzi insanlara bu vaksinlər təsir etmir.

Xəbər lenti

Xəbər lenti