Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir İ.İsabalayeva/
Bu gündən Azərbaycanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil etmək istəyən iddiaçıların milli seçim turunun 8-ci həftəsi start götürür.
İctimai Televiziyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, milli seçim turlarının 8-ci həftəsində Azərbaycanı 2012-ci ildə "Eurovision"da təmsil etmək istəyən növbəti "9-luq" 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq.
Bu həftənin iştirakçıları Tofiq Hacıyev, Rinat Allimov, Arzu İsmayılova, Əli Məmmədli, Ülkər Quliyeva, Abbas Kərimli, Zaur Əmiraslanov, Ülvi Rəşidov və "Caspian Dreamers" qrupudur.
Avropanın ən nüfuzlu mahnı müsabiqəsində ölkə təmsilçiliyinə namizədlər həftənin 5 günü İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər.