...

Romada "Azərbaycan: İpək yolu üzərində odlar yurdu" sərgisi açılıb (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2012 10:51 (UTC +04:00)
Cari ilin 13 fevral tarixində Roma Sivilizasiyası Muzeyində "İpək yolu" beynəlxalq sərgi festivalı çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi "Azərbaycan: İpək yolu üzərində odlar yurdu" adlı sərginin rəsmi açılış mərasimi keçirilib.
Romada "Azərbaycan: İpək yolu üzərində odlar yurdu"  sərgisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Cari ilin 13 fevral tarixində Roma Sivilizasiyası Muzeyində "İpək yolu" beynəlxalq sərgi festivalı çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi "Azərbaycan: İpək yolu üzərində odlar yurdu" adlı sərginin rəsmi açılış mərasimi keçirilib. Festival İtaliyanın Mədəniyyət və Xarici İşlər nazirlikləri və Roma şəhəri Meriyası tərəfindən təşkil edilib. Azərbaycan sərgisinin açılış mərasiminin keçirilməsinə ölkəmizin İtaliyadakı səfirliyi tərəfindən dəstək verilib.

Açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

"Azərbaycan - yolların ayrıcında olan ölkədir, bu həmişə belə olub və bu, ölkənin tarixini müəyyən edib. Biz müxtəlif karvan yollarını, müxtəlif insanları, səyyahları müşayiət edən bütün yenilikləri, bütün tendensiyaları mənimsədik. Bu sərgi yeni texnologiyaların köməyi ilə Azərbaycanın qədim mədəniyyətini müasir anlamda əks etmək cəhdidir", - nazir bildirib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.

Sərgidə nümayiş etdirilən və Azərbaycanın qədim tarixini əks etdirən qədim əşyalar, tətbiqi sənət nümunələri, xalçalar, bəzək əşyaları və s. iştirakçıların böyük marağına səbəb olub.
Azərbaycan yaşı eramızdan 3 min il əvvələ çatan qayaüstü şəkillərə malik qədim torpaqdır. Hələ qədimdən ticarət yollarının uzandığı Azərbaycanın coğrafi mövqeyi nəticəsində ölkə İpək yolunun inkişafına öz töhfəsini verdi.

Azərbaycan şəhərləri təkraredilməz ipəkçilik sənətinin, xalçaçılıq, bəzək, həmçinin silah istehsalının yenidən doğulduğu mühüm mədəniyyət mərkəzlərinə çevrildilər.

Sərginin yerləşdiyi yer də rəmzidir: Azərbaycanın zəngin mədəniyyətindən xəbər verən eksponatlar bu tarixlərin paralelliyini vurğulayan muzeyin daimi ekspozisiyasından olan Roma tarixinin artefaktlarıyla qonşuluq edirlər. Qədim Roma legionerlərinin izləri Azərbaycan torpağında qalır.

Bu il ilk dəfə keçirilən sərginin təşkilatçılarının qeyd etdikləri kimi, bu mədəni təşəbbüsün məqsədi bəşəriyyətin inkişafına mühüm töhfə gətirmiş Şərq ölkələrinin mədəni ənənələri ilə tanışlıqdır.

Qarayev öz çıxışında Azərbaycan-İtaliya əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, bu əlaqələrin tarixi köklərindən danışıb. Nazir iki ölkə arasında dostluq münasibətlərinin daha da dərinləşdirilməsi üçün mədəniyyətlərin qarşılıqlı tanıdılmasının zəruri olduğunu qeyd edib, bu il Azərbaycan mədəniyyətinin İtaliya ictimaiyyətinə təqdim edilməsi məqsədilə Heydər Əliyev Fondu tərəfindən tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti