...

Dövlət Komissiyası: Azərbaycanda etik davranış qaydaları daha çox yerli icra hakimiyyəti orqanları tərəfindən pozulur

Cəmiyyət Materials 20 Fevral 2012 11:04 (UTC +04:00)
Ötən il Azərbaycanda dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı 62 müraciət daxil olub.
Dövlət Komissiyası: Azərbaycanda etik davranış qaydaları daha çox yerli icra hakimiyyəti orqanları tərəfindən pozulur

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/

Ötən il Azərbaycanda dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı 62 müraciət daxil olub.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) Trend-ə verilən məlumata görə, pozuntularla bağlı daxil olan müraciətlərdən 16-sı təmin olunub.

Məlumata görə, daxil olmuş müraciətlərin təhlili nəticəsində müəyyən olunub ki, etik davranış qaydaları haqqında qanunvericiliyin müddəaları əsasən yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları tərəfindən pozulur.

Daxil olan müraciətlərdən 10-nun əsassız olduğu müəyyən olunub və 32 müraciət baxılması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib.

Daxil olmuş şikayətlərdən 1-i məhkəmə icraatında olduğu və 2-si isə müvafiq məhkəmələrin səlahiyyətinə aid olduğu üçün baxılmayıb, 1-i üzrə isə müvafiq sorğu verilib.

Bu müraciətlərdən 16-sı DQMK-nın "Qaynar xətti"nə daxil olmuş müraciətlərdir.

Aidiyyəti üzrə göndərilən müraciətlər əsasən dövlət qulluğunun xüsusi növü hesab edilən dövlət orqanlarının əməkdaşları və mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçiləri tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı olub.

Komissiyadan verilən məlumata görə, etik davranış qaydalarının pozulması ilə bağlı daxil olan müraciətlərin araşdırılması zamanı müəyyən olunub ki, müraciətlərdən 22 şikayət yerli icra hakimiyyəti orqanlarında (6 şikayət Abşeron, 2-si İsmayıllı, 2-si Sumqayıt, hər birində 1 şikayət olmaqla Göygöl, Kürdəmir, Bakı Şəhər Nəsimi, Nərimanov, Xəzər, Lənkəran, Balakən, Beyləqan, Gəncə Şəhər Nizami, Ağdaş, Daşkəsən, Şəmkir rayon və şəhər İcra hakimiyyətlərindən), 8 şikayət mərkəzi icra hakimiyyəti orqanlarında (2 şikayət Təhsil Nazirliyində, hər birində 1 şikayət olmaqla Tələbə Qəbulu üzrə Dövlət Komitəsində, Əmlak Məsələləri Dövlət Komitəsində, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, Səhiyyə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Sənaye və Energetika Nazirliyində) qulluq keçən dövlət qulluqçularının qeyri-etik hərəkətlərindən olub.

Daxil olan müraciətlərin çox hissəsi "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanununun 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) və 9-cu (Mədəni davranış) maddələrinin tələblərinin pozulması ilə bağlı, digər hissəsi isə 4.1-ci (Vicdanlı davranış), 5.2-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması), 12.1-ci (Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi), 15.1-ci (Maraqlar toqquşmasının qarşısının alınması) maddələrinin tələblərinin pozulması ilə bağlı olub.

Xəbər lenti

Xəbər lenti