...

Azərbaycan ombusmanı qanunsuz tikililərin qeydiyyata alınması məsələsini qaldırıb

Cəmiyyət Materials 1 Mart 2012 14:08 (UTC +04:00)
Azərbaycan ombusmanı qanunsuz tikililərin qeydiyyata alınmaması məsələsini qaldırıb
Azərbaycan ombusmanı qanunsuz tikililərin qeydiyyata alınması məsələsini qaldırıb

Azərbaycan, Bakı, 1 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanın insan haqları üzrə müvəkkili qanunsuz tikilmiş evlərin inventarlaşdırılması və onların qeydiyyata alınmasını təklif edir.

Trend-in məlumatına görə, ombudsman Elmira Süleymanovanın Milli Məclisə təqdim etdiyi 2011-ci il üzrə illik məruzədə bildirilir ki, mənzil sahəsində olan problemlərdən biri müxtəlif vətəndaşlar tərəfindən nəinki son 15 ildə, hətta ötən əsrin ortalarından etibarən Bakı şəhərində və onun ətrafında zəbt edilmiş yerlərdə inşa edilmiş qanunsuz tikililərlə, həmçinin əhalinin daimi məskunlaşdığı belə ərazilərdə tikilmiş evlərin inventarlaşdırılmaması və onların qeydiyyata alınmaması ilə bağlıdır.

Müvəkkil Hövsan, Binə və Ramanı südçülük sovxozlarında, həmçinin Bakı şəhərinin "Alatava", "Zığ", "Vorovski", "Xutor", "NZS", "UPD", "Keşlə", "Yasamal" kimi tanınan yaşayış massivlərində yerləşən, lakin dövlət qeydiyyatına alınmamış evlərin inventarlaşdırılmasını, özbaşına tikililər üzərində hüquqların qeydiyyatı məsələsinə baxılmasını və həllinin sürətləndirilməsini təklif edir.

Hesabatda qeyd olunur ki, 2011-ci ildə mənzil hüququnun pozulması ilə bağlı müvəkkilin ünvanına 506, o cümlədən təbii fəlakət nəticəsində dəymiş ziyanla bağlı 129 şikayət daxil olub.

"Dövlət mülkiyyətində olan müəssisələrin balansında olan mənzil fondlarında (xidməti mənzillərdə) və yataqxanalarda yaşayanların hüquqları həmin müəssisələr özəlləşdirilərkən bir sıra hallarda nəzərə alınmayıb, nəticədə insanların hüquqları pozulub", - ombusman qeyd edib.

Müvəkkil həmçinin vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi və bir çox ailələrin mənzillə təminatı məsələsinin həlli məqsədilə Azərbaycanda uzunmüddətli, aztəminatlı qrupların gəlirlərinə müvafiq və sosial yönümlü ipoteka kreditləşməsinin həyata keçirilməsini təklif edir.

Xəbər lenti

Xəbər lenti